27 Nisan 2020 Pazartesi

"Korona günlərində eşq"


1. İnanmaq ya inanmamaq...
Belə bir zamanda belə bir şey yaşadığımıza inana bilmirəm. Əksəriyətimiz kimi...
İnsan çox qorxduğu şeyin mövcudluğunu qəbul etmək istəməz. Beyin əvvəlcə inkar yolunu seçir. İnkar müxtəlif formalarda ola bilər. Bunun sadəcə bir xəstəlik ( həm də çox ciddi xəstəlik) olduğunu qəbul etmək,  aqibətində ortaya dəhşətli suallar çıxardır. Bununla necə mübarizə aparmalı? Canını necə xilas etməli?
Bu suallar yaratdığı vahimədən dolayı ən yaxşısı onu doğurmayacaq yollara baş vurmalı- deyə düşünür insan övladı...
İnkardan sonra gülüş gəlir. Lağlağı etmək, zarafata salmaq, məzələnmək, ciddiyyətə varmamaq...
Uşaqlar gizlənmək üçün gözlərini bağlayanda özlərinin də görünməz olduğunu zənn edir. Biz gülərsək vəziyyətin də bizimlə xoş lıqqırtı vurub keçəcəyini sanırıq. Çarəsizlikdən yaranan təbii reaksiya...
Sonra biz susuruq, rəqəmlər danışır. Hər gün çoxalan, itirdiyimiz hər cana nömrə qoyan rəqəmlər...
Onlar törədikcə qaşlar çatılacaq, alınlar qırışacaq, gülüşlər donacaq, gözlər uzaqlara dikiləcək. O zaman nə inamsızlıq qalmayacaq nə gülüş. Ümid qalacaq təkcə. Rəqəmlərin azalması üçün pıçıldanan dualar qalacaq sadəcə...
2. Təbiət nə demək istəyir?
Dünya hirslənibmiş. Bunu dəqiq anladıq. Dünya nəfəs almaq istəyirmiş. Boğulubmuş. Həbs olubmuş sən demə.
Qaçacaq yeri olmayan, divara qısılmış pişiyin  caynaqlarını çıxarması kimi dünya son nəfəsində sirkələndi, çiyninə aldığı, təpəsinə çıxartdığı nə vardısa yerə çırpdı. Hirslə, qəzəblə, acımadan, insaf etmədən... "Bir az da siz məni dinləyin, məni nəzərə alın, özünüzlə qalın, bir durun, sadəcə durun. Dinləyin, düşünün, nəticə çıxarın...
Gözünüz doysun. Bu həddə necə gəlib çıxdınız? Harada əndazəni aşdınız? Bunu götür-qoy edin.
Buludlarımı yarmayın!
Ağaclarımı kəsməyin!
Torpağımı daşlamayın!
Suyumu qurutmayın!
Məni özümlə buraxın. Ən azından bir müddətlik. Peşman olun, qiymət bilin, hörmət edin, qoruyun, sevin, sarın...
Başqa heç nə istəmirəm.
Yalvarın bir də. "Anladıq, günahımız böyükdür, bağışla bizi"- deyin. "Bir də bu qədər qəddar, qansız, vicdansız olmayacayıq"- deyin.
Söz verin. Siz aldadın, mən aldanım.
O zaman bəlkə gözümə enmiş bu intiqam pərdəsi qalxar. Hirsim soyuyar. O vaxta qədər isə günahlarınızın cəzasını çəkəcəksiniz. Çəkməlisiniz!
Günahlarınız nədir? Ən çox da bunu düşünün. Evdə qaldığınız müddətdə..."
3. Hamımız eyni gəmidəyik.
Karantin günlərində insanların kefini kök edən, onları rahatladan, bəlkə də, yeganə şey bu virusun kasıb-varlı ayırmamasıdır. İndiyə qədər hansısa şahzadənin, məşhur müğənninin, milyonçunun, dünya ulduzunun quş qripi, donuz qripi tutduğunu eşidən olmamışdı, çox güman ki.
Amma koronavirus çox ədalətlidir. Varlı-kasıb ayırmır, hamıya eyni münasibəti göstərir.
Şahzadəyə güzəştə getməyən virus bizə nə baxır??😁

Gülüş, məntiqsiz bir rahatlama.
Sadəcə mənim bəxtim gətirmədisə çox pis, yox, hamı mənimlə eyni dərddədirsə o zaman kədərlənməyə dəyməz.
Kim etiraf edə bilər içindəki bu hissi? Hansısa nazirin, zənginin virusa yoluxduğunu eşidəndə duyduğu o zövq hissini. Sanki onlar öləcəksə bizim bütün problemlərimiz həll olunacaq. Bu əslində insanın xislətindəki başqa vaxt boynuna almadığı, bəlkə də heç fərqində olmadığı o paxıllıq hissidir. Həsəd, qısqanclıq, bizdən üstün olanları həzm etməmək bu motivlərdəndir həmin o xəstələndiklərini eşitdiyimizdə sevinməyimiz...
İkinci nifrət hədəfi virusun başlanğıc nöqtəsi olan Çindir. Belə bir fikirə rast gəldim keçən gün: "onları yer kürəsinin xəritəsindən silmək lazımdır, ümumiyyətlə..."
Yüzillər boyunca Çinin kəşf etdiyi, quraşdırdığı, istehsal etdiyi avadanlıqları, texnologiyanı, geyimləri həyatının mərkəzinə qoyub istifadə edərkən heç bir narazılıq bildirməyən insan övladı ilk xətasındaca xərclədi Çini. Çin dünyanı nankorluqda günahlandırıb trip atsa onu qınamayın

Halbuki belə məlum olur, bütün bu prosseslərdən üzqağ çıxan tək toplum elə çinlilərdir. Səhv edib səhvini ən yaxşı şəkildə düzəldən çinlilərə nifrət etməkdənsə onların təcrübələrindən istifadə etmək daha məntiqəuyğundur.
Unutmayaq ki, hər bir hiss paylaşdıqca çoxalır, yayılır...
Koronavirus kimi...

4 “Niyə evdə qalaq?”
Vətənpərvərlik mövzusu hər zaman məndən uzaq olub. Bəlağət, millərpərəslik, pafos, ölmək, öldürməklə eyni tutulduğu müddətdə “vətənpərvərlik” mənim üçün yoxdur.
Nə qədər ki,  insanlar vətəni sevməyi gedib müharibədə döyüşməklə, sosial şəbəkədə “Azəri yox, Azərbaycanlı!” temasını çürütməklə, yenə həmin şəbəkədə bir erməni ilə ağız dalaşına girib, yetəri qədər erməni söymür deyə psixoloq qızı linç etməklə, “Ermənistan” sözünü balacayla yazmağı mərifət bilməklə, (halbuki, bu, mənsubu olduğun dilin fonetik, qramatik, leksik, sintaktik-hər nəysə o qanunlarına hörmət etməkdir, dolayısı ilə, vətənpərvərlikdir) xarici dil öyrənməməklə, içərisində “qeyrət, namus” kəlmələri sıx-sıx işlənən şeirlər yazmaqla, mövzusu və qəhrəmanları sadəcə vuruşan əskər, sağaldan həkim, tikən mühəndis olmaqla (sanki küçə zibilləməyən və küçə süpürən qəhrəman ola bilməz), səhnədən şüar səsləndirməklə, alqış etməklə eyniləşəcək, o qədər mən yoxam...
Cümləni başa düşməyənlər “Nə qədər ki,” yə geri dönsün.
Mənim üçün vətəni sevmək bu günlərə evdə qalmaqdır. Çölə çıxarkən maskadan istifadə etməmək üçün evdə qalıb, o maskanı daha çox ehtiyacı olan insana saxlamaqdır vətənpərvərlik. Mənə görə kimsə məşğul olmasın, həkim, avadanlıq istifadə olmasın, ən azından mən əlavə zərər verməyim- deyə düşünməkdir.
Gördüyümüz hər videoda oynayıb-oxuyan insanları söyməmək, əvvəllər “xəstəlik də, ölən də çoxdur, gizlədirlər” deyib, sonralar “nə xəstəlik var, nə ölən, yalandır hamısı” deməmək, və ən əsası: “qardaş, bu səsi hamıya yay!” deməməkdir vətəni sevmək...
Sağlam vətəndaş olmaqdır vətənpərvərlik...
Extra bir şey etməyə ehtiyac yoxdur, sadəcə, boğazının damarları şişə-şişə danışmaq yox susmaqdır bu aralar vətənpərvərlik. Hər zaman arzuladığımız, insanlara nümayiş etməkdən ötrü min vasitədən istifadə etdiyimiz (“miz” deyirəm, ədalətsizlik olmasın”) o vətənpərvərliyi etmək çox asandır indi. Sadəcə evdə oturmaq. Bununla da vətənimizə ən böyük yaxşılığı etmiş oluruq, vətandaş oluruq.
5. Necə evdə qalaq?
Karantin qurtarır, az qala, bu sualı vermək üçün bəlkə bir az gecikirik amma, tarixlərin uzadılacağı ehtimalını nəzərə alsaq, o qədər də vaxt itirmiş olmuruq.
Bu sualı daha məhsuldar formaya sala da bilərik: “Necə qaldıq?”
Dönüb özümüzə, keçirdiyimiz günlərə nəzər salmağımız üçün kifayət qədər ciddi səbəb ola bilər. Geri boylanarkən , yaxud plan qurarkən gözümüzün qarşısına gələn mənzərə əgər sadəcə uzanıb, yemək yeyib, televizora baxıb, internetdə veyillənib, “Görüm kim hansı statusu qoyub”dan o tərəfə getmədisə deməli problem var)))
Karantin günləri həyat tərzimizə, gündəlik vərdişlərimizə nəzər salmağımız üçün gözəl bir vasitədir. Hər günkü qaçdı-qovduda nəyi nə formada etdiyimizin fərqində deyildik bəlkə də. Yalnışlarımızla üzləşməyimiz, qüsurlarımızı görməyimiz üçün bundan daha yaxşı üsul ola bilməzdi hər halda.
Ən yaxşısı bir cədvəl tərtib etməkdir, hansı ki, içində hökmən iki başlıq olsun:”İdman” və “Kitab” qalan başlıqlar fərdi yanaşmadan aslıdır. Amma inanın ki, bu iki bənd varsa cədvəlin digər bəndləri də faydalı və məhsuldar, zərərsiz olacaq. Çoxdan baxmaq istədiyiniz serial və filmlərin siyahısını xəfiflədə bilərsiniz. Audio nələrsə dinləyərək gəzişmək də olar. Həyət evində qalırsınızsa torpaqla, güllə məşğul olmağınız əlavə avantaşdır. Yaz fəslində olmağımız buna imkan yaradır.
Bu günlərdə daha çox fikirləşməyə vaxt ayırın, fikirləşin, fikirləşdiklərinizi yazın. Fikirləşmək vərdişinin sizin ən faydalı vərdişiniz olacağından şübhəniz olmasın...


Hiç yorum yok:

Yorum Gönder