18 Haziran 2018 Pazartesi

Mövlud Süleymanlı seçilmiş əsərləri




Azərbaycan ədəbiyyatına ötən əsrin 70-ci illərində gəlib Mövlud Süleymanlı. Roman, povest və hekayələr müəllifidir.
Şanapipik” povestində özlərini kimsəsiz, urvatsız bilən qız – gəlinlərin dərdləri qat-qat vərəqlənir, onların ömrlərindəki qırıqlıq, tənhalıq, sonsuzluq təsvir olunur. Sovet rejimində dünya ilə əlaqənin qadağan olunduğu, insana ayrıca fərd kimi yox, yalnız kollektivin bir üzvü kimi dəyər verildiyi bir zamanda insanın iç üzünün açılması, xarakterlərin emosiyalarının və duyğularının cəsarətlə ifadə olunması baxımından bu əsər ədəbiyyatda dəyər sahibidir.
Dəyirman” povestində yeni üslubla obrazları kollektivçilik məngənəsindən çıxarıb tarixə salır, fərqlilik yaradıb, yasaq mövzuları işləməklə fərdin yaşantılarını, psixoloji durumunu incələyir. Əsər nəşr olunduğu gündən böyük səs-küyə səbəb olmuşdu. Povestin təhkiyə sistemi, az-çox, fəqət sərrast təbiət təsvirləri, obrazların taleyinin davamlı izlənməsi oxucular üçün yenilik idi. Yazıçı bir kəndin timsalında dəyirmanın bir qrup əyaşın əlində olmasını kinayə və sarkazmla ortaya qoymuşdu.
Duzsuzluq” povestində kəndlilərin yeni və rahat dünya arzusu ilə şəhərə axışması, balansın pozulması məsələlərinə toxunulub.
Şeytan” povestində insanların şeytana uyması, bəd əməllərə alət olması təsvir olunur. Klassik sualın  cavab da klassikdir:
Şeytana qol-qanad verən kimdir? Elə insanların özü.
Od” povestində müharibədən sonrakı dövrlər öz əksini tapır. Eyni zamanda insanların maddi vəziyyətinin stabilləşməsi onları bir-birindən uzaqlaşdırıb yadlaşmasına səbəb olduğu ideyası var əsərdə. 


Yel Əhmədin bəyliyi” povesti digər povestlərdən ideya-məzmun baxımından fərqlənirdi. Azərbaycan ədəbiyyatında 60-cı illərdən sonra yaranan, insanların daxili dünyasını, mənəvi narahatlıqlarını əks etdirən ədəbi nəsrin davamı olaraq bu əsərdə də qəribsəyən, darıxan, çevrəsinə sığmayan insanların taleyinə işıq salınır.
Ömürdən qıraqda” povesti son illərdə (2005) qələmə alınıb. Povestdə illərin yaradıcılıq və müşahidə təcrübəsi daha kamilləşmiş və püxtələşmiş formada özünü göstərir. Özünü anlamaq, sarsıntılar içində olan ruhi durum, düşülən psixoloji keçid, keçmişdən qalma tənhalığın təəssüratları əsərdə geniş əks olunub. Digər tərəfdən, povestdə bellə bir ideya var ki, yaşananların mərkəzində olmaq lazımdır, əks təqdirdə, öz həyatını deyil, başqasının həyatın yaşamış olursan.
Bu kitabda povestlərlə yanaşı hekayələr də var.  

Hiç yorum yok:

Yorum Gönder