Elə əsərlər var ki, onları oxuyub başa düşməyin yolu
müəllifi ilə tanış olmaqdan keçir. Oskar Vayldı tanımadan, onun fəlsəfəsini,
həyata baxış tərzini bilmədən bu əsəri həzm etmək bir qədər çətin olardı məncə.
Məhz yazıçının həyat seçimləri, zövqləri, yaşam tərzi
ilə tanış olandan sonra yeganə romanı olan “Dorian Qreyin portreti” ni başqa
şəkildə təsəvvür etmək mümkün olmur.
Əsər klassik ədəbiyyatda o qədər də rast gəlmədiyimiz
mövzu və ideyada yazılmış nadir romanlardan biridir. Roman nəşr olunduqdan qısa
müddət sonra, gözlənildiyi kimi, saxta əxlaq dağarcıqları əsəri qəti şəkildə
rədd edib, tənqid atəşinə tutmuşlar. Onu yolverilməz hesab edirdilər. Məhz buna
görə romanın iki varyantı – senzuralı və senzurasız formaları mövcuddur. Mən
senzuralı varyantını oxudum və deyilənə görə burada sadəcə Basilin Doriana olan
hisslərinin ifadəsi kəsilib. Müəllif isə incəsənətin hər sahəsində azadlığın,
cəsarətin ifadəsini dəstəkləyirdi. Sənət
sadəcə gözəlliyi təmsil- təbliğ etməlidir, gözəl olan hər şey isə günahdan
keçir, günahla yoğrulur. Günah gözəldirsə deməli ondan qaçmaq lazım deyil,
əksinə həyatımızın bütünündə ona yer açmalıyıq. Bizi xoşbəxt edən hər nəsnəyə
qapımız açıq olmalıdır. Hər halda Oskar Vayld belə düşünür.
Insan ruhundakı təlatümü, zövqü, ehtirasları var olan
gözəlliklə birbaşa əlaqələndirən ədib, bəşəriyyətin vaxt var ikən həyatdan zövq
almağının tərəfdarıdır.
Bu əsərdə rəssam Basil cəmiyyətin təbliğ etdiyi
vicdanı,(bəzən saxta olan vicdan) Lord Henry isə azad duyğuları təmsil edir. Bu
baxımdan gənc aktirisanın ölümündən sonra hər iki dostunun Dorianı təsəlli üçün
gəldiklərində tutduqları mövqe, sərgilədikləri davranış romanın ən uğurlu
təsvirlərindən hesab oluna bilər. Basil Dorianın ağılayacağını,
kədərlənəcəyini, zavallı qızcığazın anasına təsəlli vermək üçün yola düşəcəyini
görməyi düşünərkən, hətta bunu tələb edərkən yaraşıqlı gənc artıq təsəllini
meyxanələrdə aramış, təskinliyini Henry vasitəsi ilə almışdı. Basıl gələndə
Dorian bu faciəni aşmış, yeni günlə salamlaşmışdı. Dorian kədərlənmir. Çox yox,
iki gün əvvəl dəlicəsinə sevdiyi, evlənmək istədiyi qızın intiharında özünü
günahkar bilmir, hətta olanları əqləuyğun hesab edir.
Qarşılığını görməyəcəyiksə, cavab almayacayıqsa, bizə
təsiri olmayacaqsa onda rahatlıqla hər pisliyi edə bilərik. Çəkinəcəyimiz bir
şey yoxdursa bizi saxlayan heç nə yoxdur
demək. Təkcə vicdan ola bilərdi, onu da rədd ediriksə qarşılaşa biləcəyimiz heç
bir pislikdən qorxmuruq, bizi mühakimə edən heç nə mövcud deyil. ..
Əsərdə vicdan və ehtiraslar tez-tez qarşı-qarşıya
gəlir. Onların timsalında xeyir və şər, yaxşılıq və pislik, mənəviyyat və
maddiyyat, cəmiyyət və fərd – hər şey, hər varlıq, hər nəsnə çəkinmədən ortaya
çıxıb özünü müdafiə edir.
Əsər boyu ədalətin bərqərar olacağını, Dorianın Lord
Henrynin təsirindən qurtulub yenidən Basilin heyran olduğu o məsum, vicdanlı
gənc olacağını ümid edirik, amma, tam əksinə olur. Xeyir şərə qalib gəlmir. Şər
xeyiri udur, yox edir..
Bəs bütün bunlar olarkən yazıçı harada durur? Romanın sonluğu,
qəhrəmanların keçdiyi həyat yolu və gəldikləri nəticə əslində yazıçının
mövqeyini açıq şəkildə ifadə edir. Məncə Oskar Vayld insanın xoşbəxtlik,
həyatdan zövq almaq, gəncliyin dadını çıxarmaq adına edilən mənəviyyatsız
günahların bir portretin üzərində deyil, məhz insan simasında əks olunmasının
tərəfdarı olub.
Diqqətimi çəkən ən əsas məqam, nə bir yazıçı olaraq
Oskar Vayldın üslübu, nə də bu romanda qoyulan məsələ, qabardılan ideya
sonradan bir cərəyan olaraq davam etməməsidir, ən azından mən rast gəlməmişəm. Bəlkə
də Oskar Vayld qədər səmimi cəsarət hər kəsə nəsib olmadığındandır.
Digər tərəfdən, əgər müəllif fantastik çalarlardan
istifadə etməsəydi fikirlərinin bu romanda hansı vasitələrlə, necə çatdıracaqdı
deyə maraq da edirəm.
Filminə baxarkən isə bir əsərin ekrana köçürülüməsində
necə məhv olduğunun şahidi oldum. Film bəlkə ayrılıqda gözəl ola bilərdi, amma
romanı oxuduğdan sonra, hər formada təsirini itirir.
Hiç yorum yok:
Yorum Gönder