Bu günlərdə realizmin
ilk nümunələrindən biri, klassik dünya ədəbiyyatına Fransız töhvəsi olan Qustav
Floberin “Madam Bovari” əsərini oxudum.
Romanda qoyulan məsələ
olduqca həssas və realdır. Xəyalında qurduğun həyatla, yaşadığın həyat arasında
dərin bir uçurum hiss edirsənsə və bu hiss günlərini işkəncəyə çeviribsə deməli
siz də “bovarizm” sindromu daşıyıcısısınız...
Əsərin qəhrəmanı konkret olaraq Emma
görünsə də, fikrimcə, müəllif onun simasında 19-cu əsrdə özünü büruzə
verən xəyallarla real həyat arasındakı müvazinəti qura bilməyən, oxuduğu
romanların təsiri ilə formalaşan psixologiyası əlindəki hər şeydən narazı qalmağına
səbəb olan insanları hədəf seçmişdi. Nəticədə
psixoloji-ədəbi termin – “bovarizm”in əsası qoyldu.
Hər nə qədər, termin Avropada yaransa da, 19-cu əsr Rus ədəbiyyatı
nümunələrində oxşar obrazlara rast gəlsəm də, fikrimcə, müasir zamanda şərq-
türk mentalitetində yaşayan qadınların əksəriyyəti bu sindromun daşıyıcısıdır. Özünü
içində olduğu heç nəy layiq bilməyən, daxilində yeni bir dünya yaradıb, o
dünyanın real olmayan kölgəsində əzilən, arzuladığı həyatla, sahib olduğu həyat
arasında çabalayıb duran bovarizm məhkumu qadınlar...bu qadınlar özlərini həmişə
reallıqla fantaziya, istədikləri ilə oldiqları arasındakı o boşluqda tapırlar...
Emmanın yaşadığı həyatla yaşamaq istədiyi həyat arasında böyük fərq
var. Bəs Emma nə istəyir?
Ən başlıcası; diqqət mərkəzində olmaq, seçilmək, işıqlı, parıltılı məclislərdə
boy göstərmək, mədəniyyətin, incəsənətin nəbzi atan yerlərdə nəfəs almaq,
onların bir parçası olmaq, sevilmək, adi günlərini belə emosianal yüklü keçirmək
və s...
Emma səhnənin mərkəzində, işıqların ən gur olduğu yerdə parıldamaq
istəyirdi. Amma qismətinə zalın ən kənar, ən qaranlıq küncü düşmüşdü. Həyatının
ən xoş xatirəsi, bəlkə də, ömründə bir dəfə getdiyi aristokrat məclisdə
iştirakı idi.
Bəs Emma bu boşluğu nə ilə dolduracaqdı? Təbii ki, sevgi macəraları
ilə.
Emma özünü o qədər zərərçəkmiş mövqedə görürdü ki, sanki haqqı olan
xoşbəxtliyi onun əlindən alan insanlar ətrafındakılar, əri və başqaları idi. Özünü
hər cür macəraya haqlı bilən Emma yaşadığı hər münasibətə ifrat hissiyat yükləyirdi.
Emma o qədər sevgi acı idi ki, üzünə gülən, xoş söz deyən hər kəsi həyatına
alırdı. Amma Emma əxlaqsız deyildi. Əks halda maddi çətinliyə düşdüyü zamanlar
sələmçinin və digər fürsətçilərin “mənalı” təkliflərini qəbul edərdi.
Floberin romanı bir
neçə ssenariyə ilham vermiş, haqqında saysız-hesabsız məqalələr yazılmışdır. Müəllifin
fikrincə “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən
yaranır.
Əsərdən bəzi hissələri
sizinlə paylaşıram:
“Bizim borcumuz möhtəşəm
olanı hiss etmək, gözəlliyin qədrini bilməkdir. Daha cəmiyyətin bizə qabırğa
etdiyi hər cür biabırçı əxlaq qaydalarını qəbul etmək yox”
-
“Səyahət xoşbəxtlik gətirmir.
-
Məgər xoşbəxtlik mövcuddur? – Emma soruşdu.
-
Bəli, günlərin bir günü ona da rast gəlirsən. “
“Sizdə elə olubmu ki, hansısa
kitabda öz fikrinizə, amma həmin günə qədər heç vaxt düşünmədiyiniz, hansısa
aydın olmayan, sanki uzaqdan sizə qayıdan və sizin hisslərinizin ən dolğun
ifadəsi olan bir obraza rast gəlmisiz?”
“Kişi, ən azından, azaddır.
Bütün coşqun hisslər və ölkələr onun ixtiyarındadır. O, maneələri aşa, ən
əlçatmaz həzlərdən dada bilərdi. Amma qadın daima əngəllərlə rastlaşır. Təbiət
etibarilə süst, eyni zamanda qıvraq olan qadın zəif cismi ilə qanunlara tabelik
arasında ikiyə parçalanmalı olur. İradəsi şlyapasına bağla bənd edilmiş duvaq
kimi küləyin ən yüngül hərəkətindən titrəyir, hər zaman hansısa arzu onu özünə
çəkir, həmişə hansısa şərtlər onu tutub saxlayır.”
Hiç yorum yok:
Yorum Gönder