18 Nisan 2018 Çarşamba

Orhan Pamuk "Mənim adım qırmızı"



Eşqmi insanı səfeh edir, yoxsa təkcə səfehlərmi aşiq olur??
Orhan Pamuk yaradıcılığına müraciət edərkən diqqətimi ilk çəkən cümlələrin uzunluğudur. Yazıçının ədəbi dil zənginliyi burada özünü göstərir. Təhkiyə o qədər bol xammaldan qurulub ki, cümlədəki sözün çoxluğu oxucunu bədiiliyə doydurur. Bu cümlələrdə bir narahatlıq oxunur. Nigaranlıq, öz daxili potensialından, istəklərindən, ehtiraslarından qorxan insanın narahatlığı. Pamukun personajları təlatümlü dəniz kimidir. Hətta sakit göründükləri an belə təhlükəlidirlər. Çünki insandırlar. Hər an, hər şeyə qadir insan.
Orhan Pamukun rənglərlə necə bir münasibəti var, bilmirəm )) amma demək olar ki, əksər əsərlərində bir rəng adı keçir. Bu əsərlərdən biri “Mənim adım qırmızı” romanıdır.
Oxuduğum tərcümə kitab Azərbaycan dilində olmağına baxmayaraq çox çətinliklə oxunan romandır. Məna gücü, ədəbi çəkisi ağır olduğu üçün bəlkə də, belədir. Lakin hər cümlədə, hər fikridə peşəkar qələm təcrübəsi hiss olunur.
Yazıçı rəssamlıq, nəqqaşlıq haqqındakı düşüncələrini “Mənim adım qırmızı” romanında kiçik sujet fonunda vermişdir. Əslində romanın sujet və məzmunu onun içində yatan rəssamlıq eşqindən doğan bilgilərini çatdırmağa xidmət edir sanki.

Ortada bir nəqqaş var, onun bir qızı və o qızla evlənmək istəyən iki adam. Arada iki nəqqaşın qətli də var, vəssalam. Amma Osmanlı rəssamlığı, nəqqaşlığının tarixi,  formalaşma xronologiyası haqqında, qərb və şərq minatür sənətinin ortaq və fərqli xüsusiyyətləri, sənət eşqinin yaratdığı ehtirasda boğulan, məhvə gedən nəqqaşların taleyi, islam dinində təsviri sənətin yeri və s. məsələlər əsərdə öz əksini geniş tapıb.
Romanda ilk səhifələrdə cümlələr can verə-verə yeriyirdisə sonra qaçmağa başladılar. Xatırlayıram ki, “Qızılgülün adı”nda da eyni vəziyyətə düşmüşdüm. Bəs məni belə vaxtlarda romanı yarımçıq qoymamağa nə vadar edir?
Ilk olaraq, adətim deyil, indiyə qədər yalnız iki ya üç əsəri yarıda saxlamışam. Digər tərəfdən əsər ağır getsə də Pamuk qələmindəki sambal hiss olunurdu. Cümlələrə fikir verirəm- adi fikrin ifadəsidir. Amma hər dəfə bir fəsli bitirəndə təmiz bal yeyirmiş kimi hiss edirdim özümü. Yəni, yeyərkən o qədər də bilinmir amma, elə ki, yeyib udursan, o zaman boğazdakı tünd göynəltidən balın keyfiyyəti hiss olunur...
Pamukun romanı da məhz belə idi. Hər fəsli oxuyub bitirəndən sonra səviyyə çəkisi özünü hiss etdirirdi. Anlamağa çalışıram, nədir bu əsərin sehri? Adi sözlər, adi fikirlər, adi sujet amma qeyri-adi dərəcədə güclü bədii təsir. (adi deyirəm, yəni yadplanetlilər haqqında deyil.) demək ki, ədəbiyyat məhz budur.
Romanın ilk 200 səhifəsi bir ay vaxt aldı məndən. Zaman, şərait bəhanəsi gətirirdim həmişə. 200 səhifədən sonra istəsəm də qopa bilmədim romandan. Deməli, vaxt və şərait əslində bəhanədir, romanı oxudan elə romanın özüdür.

Əsər 1591-ci ildə, Sultan Muradın dövründə İstambulun doqquz qarlı qış günündən bəhs edir. Iki kiçik oğlu bir-biri ilə yola getməyən gözəl Şəkurə dörd ildən bəri savaşdan dönməyən ərinin əvəzinə, özünə bir həyan, sevgili axtarır. Atasının arabir evə çağırdığı saray nəqqaşlarını gizləndiyi yerdən seyr eləyən Şəkurə padşahın hazırlatdığı kitab üçün fransız üslubunda təhlükəli rəsm çəkənlər arasında seçim eləməyə çalışır. Nəqqaşlardan biri- Zərif Əfəndi öldürüləndən sonra qadına aşıq olan qohumu Qara meydana girir. Hər kəsin öz səsi ilə danışdığı, ölülərin, əşyaların dilləndiyi, ölüm, sənət, eşq, evlilik, xoşbəxtlik haqqında bu roman eyni zamanda unudulmuş qədim rəsm sənətinin gözəlliklərinə ağıdır.
Mütəxəssislər romanın üslubunu “intellektual, zərif və ağıllı” adlandırırlar. Onların qənaitinə görə, “bu əsər ədəbi təxəyyülün və fəlsəfi düşüncələrin gücünü ortaya qoyan nadir əsərlərdəndir.
Əsərdən diqqətimi çəkən cümlələri, fikirləri qeyd etdim...
1.   Nə qədər bacarığın, qabliyyətin olursa olsun pulu və iqtidarı başqa yerdə axtar ki, bacarıq və əməyinin əvəzini almayanda sənətdən küsməyəsən.


2.   De mənə, onları- onu, atasını necə yumşalda bilərəm?
-       Yaxşı insan olmaqla- dedim.
-       Bu yaşdan sonra çox gecdir- dərin əzabla dedi.
-       Çox pul qazanmağa başlamısan, Hasan çavuş. Insanı yaxşı eləyər bu- dedim, çıxdım.

3.     Qara aşiq olduğu qədər evlənmək istəyir. Evlənmək istədiyi üçün də asanlıqla aşiq olur. Mənimlə olmasa, bir başqası ilə evlənəcək və evlənməmişdən qabaq o arvada da dərhal aşiq olacaq.

4.   Üç şeyə yarayır yuxular:
Əlif: Bir şey istəyirsən. Amma istəməyinə belə izin vermirlər. Onda: “Yuxumda gördüm “,- deyirsən. Beləcə, istədiyini, sanki, sən istəmədən istəyirsən.  
Be. Birinə pislik eləmək istəyirsən. Məsələn, birinə böhtan atacaqsan. Onda : “Yuxumda gördüm, filankəs xanım zina eləyirmiş”,- deyirsən. Ya da”filankəs paşaya qədəh-qədəh şərab gedirdi, yuxumda gördüm”,- deyirsən. Beləcə, inanmasalar belə pisliyin bir qismi söyləndiyindən hesaba dərhal yazılır.
Cim: bir şey istəyirsən, amma nə istədiyini bilə bilmirsən. Danışırsan, bir qarışıq yuxudur. Dərhal yozub nə istəməli olduğunu, nə verə biləcəklərini sənə söyləyirlər. Məsələn deyirlər ki, sənə ər, uşaq, ev lazımdır...
5.   Sən getdin, gəlmədin. Bəlkə küsmək eşqin əlamətidir, amma küskün aşiq də həm sıxıcıdır, həm də heç bir gələcəyi yoxdur.

6.   Sevişmək eşqi yatırmağın ən yaxşı yolu deyilmi?

7.   Soruşduğunuzu eşidirəm, rəng olmaq nədir?
Rəng, gözün təması, karların musiqisi, qaranlıqda kəlmədir. On minlərlə ildir, kitabdan-kitaba, əşyadan-əşyaya küləyin uğultusu kimi... qırmızı olmaqdan necə xoşbəxtəm! Içim yanır, qüvvətliyəm. Diqqət göstərildiyini bilirəm. Mənə qarşı bir rəng qoya bilmədiyinizi də. Başqa rənglərdən, kölgələrdən, tünlikdən, tənhalıqdan qorxmuram. Mənim yayıldığım yerdə gözlər parıldayır, ehtiraslar qüvvətlənir, qaşlar qalxır, ürəklər sürətlə döyünür. Baxın mənə! Yaşamq nə qədər gözəl şeydir. Mənə tamaşa eləyin, görmək nə gözəldir! Yaşamaq- görməkdir! Hər yerdə görünürəm. Həyat mənimlə başlayır, hər şey mənə  dönür, inanın mənə...  

Hiç yorum yok:

Yorum Gönder