16 Mayıs 2018 Çarşamba

Napoli romanları – Dostluq öpüşməyə bənzəyir..



“Bəlkə də, mənası olmayan şeylərin ən gözəl şeylər olduğunu söyləməli idim ona...” (E. Ferrante.)
Belə bir fikrə rast gəlmişdim vaxtilə - “Dostluq öpüşməyə bənzəyir, biri yanağın uzadar, digəri öpər...”

Bəlkə də səhv edirəm, amma təxminən belə bir fikir idi...yəni ki, münasibətlərdə heç də hər zaman, hər şey ədalətli olmur...



Bu günə qədər adını o qədər də çox eşitmədiyimiz Elena Ferrante ən yaxşı müasir qadın yazıçılardan biridir. Ferranteni qərbli tənqidçilər Jane Austenlə bir səviyyədə qiymətləndirirlər. Fərq sadəcə Ferrantenin Janedən daha aqressiv, qəzəbli qələmə sahib olmasıdır. Məhz bu nüans onun romanlarını bomba kimi partlatdı.

Yazıçının dünyaca məşhur “Napoli romanları” silsiləsinin ilk kitabı mənə “Bülbülü öldürmək”  (Harper Lee)romanındakı saf uşaq təhkiyəsini  xatırlatdı. O romanda da qonşuluqdakı sirli ailənin varlığı həyəcanı həmişə təzə saxlayırdı. Uşaqlıqdan bəhs olunun hissədə qarşıma çıxan mütəmadi olaraq bu təəssürat idi. Amma bu uzun çəkmədi...

Romanın təhkiyəsindəki sadəlikdən əlavə üslubundakı səmimilik, içtənlik o qədər qabarıqdır ki, oxucu hansısa qohumunun nostalji xatirələrini dinləmiş kimi  olur. Baş qəhrəman heç biri şeyi ixtisar etmir, atlamır, bütün həqiqəti cəsarəti ilə açıb danışır. Ən incə nüansı belə görməzdən gəlmir.
Bir insanın həm özünü, həm başqalarını belə dərindən oxuyub dərk etməsi, və oxuduqlarını, yaşadıqlarını heç bir ayrı seçkilik etmədən etiraf etməsi maraqlı cəhətdir.

Dünyanın 22 dilinə çevrilən romanı oxucular etirafnamə kimi dəyərləndirib. Həqiqətə, səmimiyyətə bu qədər sadiq qalmaq hansısa hadisəni müşahidə etməklə olmazdı. Bu yalnız yaşayaraq, hiss edərək mümkün idi.
Romana başlayandan sonra ara vermək istəmədiyinizi anlayacaqsınız. Dil üslub, sujet, mövzu o qədər axıcı, insanı özüylə aparandır ki, bir an öncə, bir içim su kimi bitirmək istəyəcəksiniz.

Ferrantenin uğuru nədə idi? Onun romanında hər kəs özündən və ətrafındakılardan bir parça tapır. Müxtəlif peşə sahibləri – fərqi yoxdur pul düşkünü iş adamları, siyasətlə özünü aldadan, xəyallarına görə hər şeyi satmağa hazır ayaqqabıçılar, kitab aləmində itib batmış, buna görə də zamanın axınına qoşula bilməyən müəllimlər,  saf qadın, təcrübəsiz qız demədən hər birinə ov gözü ilə baxan saxta mədəniyyətli şairlər, həyat məqsədlərinin nə olduğunu bilmədən ömürlərini tükədən evdər qadınlar və daha kimlər, kimlər...

Ferrante Lila və Lenunun dostluğundakı qarmaşanın təsvirini elə acımasızca, dəqiqliklə, onların psixoloji dərinliklərinə baş vurararaq təsvir edib ki, oxucu “Bunu ancaq bir qadın yaza bilər !...” deyə düşünəcək...
Elə insanlar var ki, müəyyən obrazlarla həyatımıza daxil olub, müxtəlif missiyalarla, əslində bizim onları qoyduğumuz mövqedən ehtiyacımız olan boşluğu doldurur. Bu müəllimimiz, sevgilimiz, dostumuz, rəfiqəmiz, anamız, mürəbbiyəmiz və s. ola bilər.   
Əslində onların varlığını biz özümüz sabitləyirik həyatımızda. Nə qədər də həyatımızda peyda olmaları, yaxud əvvəldən mövcud olmuş kimi görünsə də...
Lenu da Lilanı bu şəkildə var edirdi həyatında. Lila onun hər şeyi – dostu, ən yaxın rəfiqəsi, ən böyük rəqibi, müəllimi, tayı, yarısı, ziddi, müttəfiqi, güzgüsü, stimul qaynağı bir sözlə, həyatında ən vacib insan idi...

Lila əslində həyatında olanlarla barışıq biri idi. Lenuda isə hər zaman bir çatışmazlıq, inamsızlıq, qərarsızlıq hiss olunur. Başqaları tərəfindən təqdir olunmaq istəyi ona əlində mövcud olanlarla xoşbəxt olmağına mane olur. Qərarlarının arxasında sağlam şəkildə dura bilmir. Tərəddüd, güvənsizlik həyatının bir parçasına çevrilir. Təbii ki, bu gənc yaşlarında belədir. Zamanla ən radikal addımı atıb arxasında necə duracağının şahidi oluruq...
Ferrante eyni qəsəbədə yaşayan insanların həyatları arasındakı fərqi şiddətli şəkildə hiss etdirir.
“Napoli romanları” Sevgi, nifrət, fədakarlıq, qərəz, xəyanət, sədaqət, rəqabət, paxıllıq, aslılıq və s beynini, ruhunu ələ alan duyğuların birləşdiyini əks etdirən dostluq haqqında bir epopeyadır.

Ferrante elə bir dünyadan söz edib ki, orada qadınlar yetərsiz amma əzilən qadın, sadəcə itaətkarlıq tələb olunan həyat yoldaşıdır. Və o dünya kökünə qədər bərbaddır...
“Napoli romanları”nın ikinci kitabı iki səbəbdən oxucunu depressiyaya salmaq üçün münasib əsərdir. Birincisi, hadisələr, düşüncələr, daxili mübarizə o qədər tanışdır ki, kitabdakı mövzunu ifrat dərəcədə ürəyə yaxın tutmaq olar. Bu da təbii olaraq həyatımızda görməzdən gəldiyimiz, diqqətimizi çəkməyən nüanslara bir daha nəzər yetirməyimiz nəticəsində depressiya yarada bilər. Roman natamamlıq hissi yaratmaq baxımından yüksək potensiala malikdir.
Ikinci baxımdan əsərlə tanış olan hər bir ədəbiyyatsevər “mən niyə belə əsər yaza bilmirəm?” sualı ilə depressiyaya düşə bilər...
“Napoli romanları”nın üçüncü hissəsində duman çəkilir, pərdə yavaş-yavaş qalxır sanki. Görüntü daha da aydınlaşır. Xüsusilə də ikinci kitabın yaratdığı ağırlıq səhifələr çevrildikcə yüngülləşir. Surətlər daha ciddi həyat qayğıları ilə qarşımıza çıxır. Digər kitablarda da həmçinin, qəhrəmanların radikal addımları əsərin həyəcanını hər zaman zirvədə saxlayır.

“Napoli romanları” silsiləsini tək  çümlə ilə belə ifadə etmək olar : onu mütləq oxuyun !...  
p.s Internetdə əsərin serial kimi çəkiləcəyini (Bəlkə də artıq çəkilib) oxudum, digər tərəfdən səhnə ömrü uğurlu şəkildə mövcuddur artıq. 

Hiç yorum yok:

Yorum Gönder