Saat ona qalmışdı və mən həbsxana çarpayısının üzərində uzanıb yun adyalın altında divarı taqqıldadırdım. Qəfil kameranın içindəki lampa yanır və növbətçi müşahidə dəliyindən içəri baxırdı. O baxanda səssizcə yatırdım.
Başlanğıcda aradabir taqqıldatmağa başladım. O da eyni formada cavab verirdi. Səslər sanki uzaqdan gəlirmiş kimi dərin və boğuqdu. Bir dəfə vurdum –a, iki dəfə vurdum –b, üç dəfə vurdum –c.
Nizamsız halda divarı döyməyə başladı. Deyəsən başa düşməmişdi. Yenidən divarı taqqıldatmağa başladım, yenə başa düşmədi.
Yüz dəfə təkrarladım, heç cür başa sala bilmirdim. Narahatçılıqdan çıxmaq üçün alnımın tərini sildim. Bu dəfə o mənim anlamadığım tərzdə bəzi işarələr taqqıldatdı, mənim verdiyim işarələri isə başa düşmədi. Ümidsizliyə qapıldım.
Bəzi işarələri xüsusi vurğuyla döyəcləməyə başladı, bunun ardınca daha boğuq taqqıltılar gəlməyə başladı. Görəsən bu Morze əlifbası idi? Morze əlifbasını bilmirdim. Alman əlifbasında 29 hərf vardı. Hər hərfi əlifbadakı sıra nömrəsinə uyğun taqqıldatdım: H-ı on dəfə, P-ni iyirmi dəfə.
Digər tərəfdən müxtəlif fasilələrlə taqqıltı gəldi, heç nə başa düşmədim. Saat iki olmuşdu. Qətiyyən bir-birimizi başa düşmürdük. Döyəcləməyə başladım:
.=a, ..b, …c
Çox asta və uzaqlardan cavab gəldi:
-. – . – ..
Deyəsən yenə başa düşməmişdi. Amma ertəsi gün gecə qəfildən düzgün cavab verməyə başladı. Yenə astadan amma israrlı şəkildə. Sonra başa düşülən işarələr gəlməyə başladı. Bir dəfə taqqıldatdı. Bu Ahərfi idi. Sonra saydım, on yeddi dəfə taqqıldatdı: N, sonra soyuqqanlı şəkildə nəfəsimi tutub saydımL hərfi idi. Sonra A, Sonra D, Sonra I, Sonra M.
…Anladım…
Adyalın altında hərəkətsiz və sevincliydim. Ağızla deyil əllərimizlə, beyindən beyinə əlaqə qurmuşduq.
Ağlımız, Gestaponun zirzəmisində, qalın kamera divarlarının öhdəsindən gəlmişdi. Qan tər içində idim və qurduğum əlaqədən təsirlənmişdim. İlk insan özü haqqında məlumat vermişdi. Divarı taqqıldadıb bu mesajı verdim:
…Əla…
Dəhşətli soyuq idi. Kameranın içərisində gün ərzində 20 kilometr gəzişirdim. Bu ayda 600, doqquz ayda 5400 kilometr, təxminən Parisdən Moskvaya qədər məsafə edirdi. Ölümlə bitəcək qədərimi kilometrlər təyin edirdi. Dəqiq bilirdim, komissar “başımın çiynimdə qalmayacağını” demişdi.
İkinci ifadə verilmişdi və dəyişdirilməsi ehtimalı yox idi. Ancaq K. Bu ifadəsini geri götürsə, bir ümid ola bilərdi. Gecə əlaqə qurmağa çalışdım:
“Sən…ifadəni…geri…götürməl isən…”
Cavab verdi:
“…Niyə…”
Mən:
“Mənim…əleyhimə…ikinci…ifa də…ölüm…deməkdir…”
O:
“Bunu…bilmirdim…”
Mən:
“Burada…həqiqəti…söyləmək… üçün…danışırıq..”
O:
“Geri…götürürəm…”
Mən:
“Təşəkkür…”
O:
“Sabah…”
Mən:
“Nəyə…ehtiyacın…var…”
O:
“Qələmə…”
Mən:
“Sabah…gəzinti…vaxtı…”
Qəfildən işıqlar yandı. SS-lərin gözləri içəri zilləndi. Səssiz şəkildə adyalın altında yatırdım. Ətraf yenidən zülmətə büründü. Gözlərim yaşarmışdı. “Geri götürürəm”…Bunu heç zaman unutmayacağam. Çox boğuq və aramsız taqqıltılar gəlirdi divardan. Hardansa boğuq bir səs gəlir və bu səs mənim üçün xilasımın yolda olduğunu müjdələyirdi. Bu xilas, edam məhkumunun sadəcə beynində mövcud idi. Digər tərəfdə, səkkizinci kamerada isə görünməyəcək qədər kiçik idi. Sabah sözlərə çevriləcək, sonra büroda altı imzalanmış bir protakol…və günlərin bir günü məhkəmə heyətinin qarşısına qoyulacaqdı.
“Ömrümün sonuna qədər minnətdaram, K.!”
Qələmin iti ucunu qırdım və gəzintiyə çıxanda özümlə götürdüm. Hər zaman olduğu kimi, tanımadığım altı adam, darısqal Gestapo həyətinin ətrafında dolaşırdı. Bizim dəhlizdə arxamızı çevirib, bir-birindən uzaq məsafədə dayanmış üç nəfərə baxırdıq. Növbətçi arxamızca gələnədək bir neçə saniyə gözlədik. Gizlincə səkkizinci kameraya tərəf sivişdim. Nəfəsliyi açıb qələmin ucunu içəri atdım. Nəfəsliyi yenidən örtüb tələsik yerimə qayıtdım. Mavi gözlərinin çaşqın baxışlarını, solğun üzünü, masanın üstünə qoyduğu qandallı əllərini heç zaman unutmayacağam. Növbətçi küncdən çıxıb bizə tərəf gəldi. Ürəyim sinəmi yarıb çıxacaq şəkildə döyünürdü. Kameralarımıza qayıtdıq.
Gecənin yarısı taqqıltı eşidildi:
“Təşəkkür…ifadəni…geri…göt ürdükm…”
Xilas olmuşdum.
Hər halda…
Alman dilindən tərcümə edən: Cəlil Cavanşir
Günther Weisenborn (1902-1969) Alman yazıçısı
Hiç yorum yok:
Yorum Gönder