21 Aralık 2017 Perşembe

Rasputin- Ölümsüz adam


Dünya tarixində adı və şəxsiyyətinin öyrənilməsinə görə ən çox araşdırılan insanlar siyahısına düşmüş Qriqori Rasputin təkcə həyatı ilə yox, ölümü, daha doğrusu ölümsüzlüyü ilə də kifayət qədər rəvayətin yaranmasına səbəb olmuşdur.
Tarixçilərin həvəslə araşdırdığı Rasputinin həyatı barədə o qədər də dəqiq məlumat yoxdur. Onun 1869-cu ildə Sibirdə dünyaya gəldiyi qeyd olunur. Valideyinləri öz kəndlərinin sayılıb-seçilən ailələrindən hesab olunurdu. Bəzi mənbələr onun xarakterinin formalaşmasına səbəb olan hadisələrin başında uşaq vaxtı aldığı mənəvi psixoloji zərbəni göstərir. Belə ki bacı və qardaşı ilə çayda çimməyə gedən Qriqori o çaydan sağ qurtulan tək uşaq olur.
Tarixçi Douglas Smitin sözlərinə görə, Rasputinin gəncliyi və erkən yetkinlik dövrü " demək olar ki, heç bir şey bilinməyən qara bir çuxurdur". Buna baxmayaraq  etibarlı mənbələr və məlumatların olmaması Rasputinin şöhrət qazanmasından sonra başqalarının onun valideynləri və gəncliyi haqqında hekayələr hazırlamağına mane olmadı. Insanlar onun haqqında miflər yaratmağı sevirdi. Bu miflərin həqiqətlə nə dərəcədə ayaqlaşdığını bilmək üçün isə Rasputinin sonrakı həyatını izləmək kifayətdir.
Qriqori valideyinləri və digər kəndlilər kimi intizamlı təhsildən məhrum idi. Gənc yaşlarına qədər hətta oxumaq və yazmağı da bacarmırdı.
Yerli arxiv qeydlərinə əsasən, o, bir az inadkar, tərs  gənc idi. Ehtimal ki, içkiyə aludəliyi, kiçik oğurluqları və yerli hakimiyyət orqanlarına hörmətsizliyi yeniyetməni hədəf vəziyyətinə gətiridi.
Rasputinin uşaqlıq dövrünə aid ən çox diqqət çəkən məqam onun bir oğurluğun təfərrüatlarını dəqiqliklə ifşa etməsi idi. Qriqori bu oğurluqda iştirak etmirdi, hadisə olan vaxt orada deyildi. Buna baxmayaraq oğurlanmış atın sahibinə oğrunun kim olduğunu adına qədər dəqiqliklə söyləmişdir. Atası onu başqalarına şər atmaqda günahlandırdığı vaxt isə atın oğrusu ortaya çıxıb Qriqorinin sözünü təsdiq etmişdir. Bu hadisə Qriqorinin həmyaşıdlarından fərqlənməsinə, ətrafdakı insanların ona bir az maraq, bir az təəccüb, bir az da qorxu ilə yanaşmasına səbəb olmuşdur.
Rasputinin çarın sarayında və bütün paytaxda məşhurlaşması 30 yaşından sonraya təsadüf edir. Bu vaxta qədər isə o hamı kimi, başqalarından cüzi fərqli bir həyat keçirir.
1886-cı ildə Rasputin Abalaka gələrək burada Praskovya Dubrovina adlı bir kəndli qızla tanış oldu. Bir neçə aylıq münasibətdən sonra 1887-ci ilin fevral ayında onlar evləndilər. Bu nigahdan onların 4 övladı oldu. Tezliklə Qriqorinin səyahətləri başlayacaqdı, lakin arvadı ömrü boyu ona sadiq qalaraq uşaqlarını böyüdəcəkdi.
1897-ci ildə, on illik evlilik həyatından sonra ailəsini, biri hələ doğulmayan dörd övladını qoyub özünün bitib-tükənməyən səyahətlərinə başladı. Rasputinin bu radikal addımının səbəbləri dəqiq məlum deyil, bəzi mənbələrə görə onun adı yenə oğurluqda hallanmışdı və gənc adam bundan qaçırdı. Digər tərəfdən, onun gənc bir dini tələbə - Melity Zaborovski ilə qarşılıqlı əlaqələrindən ilham aldığı  qeyd edilir. Rasputin özü isə, seçilmiş olduğunu, ona müqəddəslər tərəfindən missiyalar verildiyini iddia edirdi artıq. Lakin bu iddialarına o gələcəkdə daha çox inanacaq və inandıracaqdı.
O zamanlar dinə yeni münasibət yaranmışdı və günü-gündən həmin istiqamətdə inkişaf edirdi. 
Douglas Smithin fikrincə, onun qərarına "yalnız bir növ emosional və ya mənəvi böhran səbəb ola bilərdi"
Rasputinin manastır səyahətləri onun oxuma-yazma öyrənməsinə səbəb olsa da, o, çox keçmədən keşişləri homoseksualizmdə günahlandırmağa başladı.
Rasputin 1901-ci ildə çıxdığı səfərdə 3 ay piyada gəzərək Ortodoks monastır həyatının mərkəzi olan Yunanıstana qədər getdi, Athos dağını fəth etdi.
Bu səfərdən sonra Rasputin artıq hədəfini genişləndirmişdi. Məryəm ananın özü ilə danışdığını, ona yeni missiyalar verdiyini hər fürsətdə dilə gətirirdi.
O zamanlar yeni bir təriqət yaranmışdı. Rasputinin də fəal iştirak etdiyi bu təriqətə görə günahların, günahkarlığdan doğan bir peşmanlıqla təmizlənə bilinəcəyini, bu peşmanlığın yaranması üçün isə bilərəkdən günah işləmək lazım idi.
Rasputinin fəaliyyəti və xarizması 1900-cı illərin əvvəllərində Sibirdə yayılmağa başladı.  1902-1904-cü illərdə Kazan şəhərinə gedib, insanların mənəvi böhranları və narahatlıqlarına kömək edən müdrik,möcüzəli və müqəddəs bir insan kimi tanınmağa başladı. Qadınlarla münasibətləri haqqında söhbətlər durmadan artırdı. O, 1904-1905-ci ilin qışında Sankt-Peterburqa səfər etməyi planlaşdırdı. Kilsənin nüfuzlu şəxləri ilə tanışlığı bu imkanı ona yaradırdı.
Bəs Rasputinin sirri nədəydi? Insanları onun yanında bu qədər zəiflədən, ona təslim olmağa təhrik edən amil nə idi? Rasputinin ilk növbədə görkəmi onu görənləri tərkisilah edirdi. 2 metirə çatan boyu, dəlib keçən, maviliyində insanı boğan gözləri, heyranedici danışığı, tilsimi və əlbəttə ki, gələcəklə bağlı verdiyi praqnozlar insanların ağlını başından alır, ona qarşı qeyri-şərtsiz tabeçilik sərgiləmələrinə səbəb olurdu.
Rəvayətə görə, Rasputin çarın yeganə varisinin əlacsız xəstəliyə tutulacağını, dərmanının isə yanlız özündə olacağını praqnoz edibmiş. Bu rəvayətin nə dərəcədə doğru olduğu bilinmir, həqiqət olan bir şey var ki, varis Aleksey həqiqətən hemofiliyadan (qan laxtalanması) əziyyət çəkirdi və bu xəstəlik xalqdan gizlədilir, açıq şəkildə danışılmırdı. Rasputin isə nəinki bunu bilir, eyni zamanda Alekseyi sağaltmağı da vəd edirdi.
Beləcə sarayın qapıları Rasputinin üzünə açılmışdı.
Çariçanın hələ o zamanlar möcüzələrinə şahid olmadığı bir kəndliyə bel bağlaması sadəcə onun cazibəli görkəmi, dəlici baxışlarına görə deyildi. Çariça övladını, tax-tacın yeganə varisi Alekseyi sağaltmaq fikrinə o qədər qapılmışdı ki, bunu üçün kimə istəsən ona ağız açmağa hazır idi. Məhz belə bir zamanda Rasputin onun bu zəif damarından istifadə edərək öz təsirinə saldı.

Çarın Rasputinə yaratdığı şəraitin də səbəbi demək olar ki, eyni idi. Oğlunun səhəttindən əlavə, bu problemlərdən dolayı arvadının gərgin psixologiyası Rasputinin varlığı ilə sakitləşirdisə, çar buna razı idi.
 Insanları öz möcüzələrinə inandırmaq Rasputin üçün çətin deyildi çünki, o dövrün düşüşnən beyinləri buna müsait idi. XX əsrin əvvələrində Sankt-Peterburqda hipnoza inanmağa meyilli zadəgan cəmiyyət formalaşmışdı. Dedi-qodu, balolarının mövzusu, sirli və möcüzəli hadisələri müzakirə etmək və öz aralarına almaq üçün çoxdan hazır idi sanki. Bu elit təbəqə həm fiziki baxımdan, həm əqli baxımdan ilk dəfə idi sibir çöllərindən biri ilə canlı şəkildə qarşılaşırdılar, onlar Rasputini acgözlüklə qəbul etdilər və lüks salonlarda özünə yer edən Rasputin üçün onların diqqətini çəkmək çətin olmadı.
Rasputinin gənc vəliəhd üzərində apardığı müalicəvi inqilab danılmazdır, tarixi fakt olaraq mövcuddur Sadəcə bunun səbəbi indiyə qədər sirli qalıb. Elm ən yaxşı halda bunu hipnozla izah edə bilir.

1905-6-cı illərdə Rasputin artıq nəinki Alekseyin həkimi, eyni zamanda çariça Aleksandranın da ən yaxın dostu, sirdaşı, müttəfiqi siması ilə məşhurlaşmışdı. Bəzi mənbələr onların arasında sevgi münasibətlərinin olduğunu qeyd edirlər. Rasputin 1906-cı ilin dekabrına qədər kral ailəsinə kifayət qədər yaxınlaşmışdı
Ardı var...

Hiç yorum yok:

Yorum Gönder