4 Ekim 2017 Çarşamba

Tərcümə etmək - qızılgül və ətri


İlk olaraq qeyd edim ki,bu yazı sırf Qadın.Net-in tərcüməçiliklə məşğul olan xanımlarına həsr olunub və tənqid etmək məqsədi yox,yardım etmək məqsədi daşıyır.Bu məqalə Azərbaycanda tərcümənin vəziyyətindən yox,daha dar çərçivədə - Qadın.Net-də tərcümənin vəziyyəti barədədir.
Bildiyimiz kimi, Qadın.Net portalı hər kəsin öz bacarığını ortaya qoymaq baxımından böyük imkanlar yaradıb.Bəzi xanımlar fərdi yaradıcılığını ortaya qoyduğu halda,bəziləri də tərcümə linklərindən istifadə etməklə bu axına qoşulur.Şəxsən mənə görə rəhbərliyin bu addımı lazımlıdır.Birincisi ona görə ki,evdar xanımların bəsit məlumatlarla başını qatdığı halda tərcümə linkləri vasitəsilə müxtəlif məlumatlara yiyələnir,fərqli mövzularla tanış olur.İkinci tərəfdən həmin məlumatları axtarmaq,toplamaq, sistemə salmaq əziyyət tələb edən işdir. Və nəhayət, onu tərcümə etmək də beynin müəyyən həcm çərçivəsində oyanışına,diqqətin cəmlənməsinə,fərdi fikirlərin ortaya qoyulmasına gətirib çıxarır, hansı ki, məncə, bu, xanımlarımız üçün lazımlıdır. Hələ üstəlik nəzərə alsaq ki,onlar tərcümə etdikləri mövzu haqqında biliklərini artırırlar,ensiklopedik səviyyəyə yaxınlaşırlar (tam olmasa da yenə də). Bu baxımdan xanımlara tərcümə linklərini verib onlara fərdi fəaliyyət tapşırmaq çox gözəl düşünülmüş məsələdir.Sayt rəhbərlərindən biri Ceylan Mumoğlunun (Selcan_Xatun) tərcümə ideyası alqışa layiqdir.Bu öz yerində.Bütün bu sadaladığım xüsusiyyətlər öz müsbət nəticəsini o zaman verər ki,tərcümə edən xanımlar bu işə barmaqarası yanaşmasın.Uğurlu nəticə əldə etmək üçün sadalanan şərtlərə əməl olunmalıdır.

Tərcümənin ilk şərti öz dilini - Azərbaycan dilini mükəmməl bilməkdir.Əlbbətə ki,məlumatın olduğu xarici dili bilmədən o məlumatı tərcümə etmək də olmaz.Amma indi elektron tərcümələr vasitəsi ilə yazını mexaniki də olsa çevirmək mümkündür.Qalır onu öz dilində mükəmməl ifadə etmək.
Ikinci şərt - ifadələri seçərkən mexanikiləşmədən uzaq qaçmaqdır.Məsələn:”Onun bunu başaracağına kimsenin inamı yokdur” cümləsini  “Onun bunu bacaracağına kimsənin inamı yoxdur” əvəzinə “Heç kim inanmırdı ki, o bunun öhdəsindən gələ bilər” şəklində tərcümə olunmalıdır.Tərcümənin ən qızıl qaydası - hərfi tərcümədən uzaq qaçın! Kəlmələri,cümlələri yox,fikri,ümumi ideyanı tərcümə edin.
Üçüncü şərt - Siz yazını necə tərcümə edirsiz? Məqaləni qarşınıza qoyub birinci cümləni “tərcümə” edib,sonra ikinci cümləyə keçib onu da eyni qayda ilə “tərcümə” edib belə-belə davam edirsiz?Əgər belədirsə, çox pis!Tərcümə edəcəyin materialı özünküləşdirmək çox vacibdir.Əgər sizə bir, ya iki link verilibsə, o zaman həmin linklərdə nədən söhbət getdiyini anlayıb özünüz həmin məlumat barəsində internetdə axtarış verin,evdəki kitabları,ensiklopediyaları töküb-töküşdürün,həmin gün tərcüməni etməyə cəhd etməyin.Azı,ən azı 2-3 gün beyninizdə yanlız həmin məlumat olsun, TV-də ona aid olan proqramlara baxın,məlumat başlığını digər dillərə çevirib axtarış sisteminə verin.Ümumiyyətlə, geniş informasiyaya malik olun.Məlumat yığdınızmı? İndi isə işin ikinci etapı - onu oxuyun.2,3,4,5,9,10 dəfə oxuyun. Cümlələri əzbərləmək əvəzinə fikri qavrayın.Eyni mövzunu müxtəlif mənbələrdən oxuyun.Qoy fərqli fikirlərlə,yanaşmalarla qarşılaşasız.Nəticədə qarşınızda 2 link əvəzinə eyni mövzu barəsində külli miqdarda,müxtəlif aspektlərdən yanaşılmış əsər olacaq…
Təkrar-təkrar oxuduqdan sonra kağızı,kitabı,jurnalı,notebooku-hər nə varsa qatlayıb kənara qoyun.Və fikirləşin: bu mövzuda nədən söhbət gedirdi?Öz fikirlərinizi öz cümlələrinizlə ya danışın, ya yazın.Bir anlıq unudun ki,siz o məlumatlara “müştəri gözü ilə” baxmısız,tərcüməni unudun!Siz maraqlı məlumat əldə etmiş bir subyektsiniz və indi o maraqlı məlumatı başqaları ilə bölüşmək vaxtıdır.Bu isə işin üçüncü - son mərhələsidir. Həmin məlumatlardan konkret illəri,tarixləri,şəxsiyyətləri kiçik vərəqə yazın və artıq oxumalı heç nə qalmayanda tərcüməyə başlayın.Bu, artıq standart tərcümə olmayacaq.Belə tərcüməyə heç kimin “Tərcümədir” deməyə dili gəlməyəcək.Çünki siz artıq onu özünküləşdirmisiz.Siz fikirlərin tərcümanı olacaqsız,cümlələrin yox.Yeri gələndə tərcüməyə öz fikirlərinizi əlavə etməyə çəkinməyin.Zatən siz ona yaradıcı yanaşsanız, istər-istəməz beyninizdə nəsə əlavələr yaranacaq…
İndi isə konkret nümunələr gətirməklə fikrimi daha dəqiq ifadə etmək istəyirəm:
Ümumiyyətlə, xarici dillərdən tərcümə edən userlər bilsin ki (xüsusən türk dilindən), o dillərdə xəbər çox vaxt şəxs şəkilçisi qəbul etmir. “Dır-dir” şəkilçiləri də çox vaxt ixtisara salınır.Bunu tərcümədə hökmən nəzərə almaq lazımdır.Musinin “Əhəmiyyətli nöqtə-yataq sirrinin kəşf edilməsi” xəbərində ”Stressdən xilas olmaq, yuxu problemini həll etmək, kalori yandırmaq yalnız bunlar görünən qismi” cümləsində ”görünən qismi” ifadəsi kimi.Orijinalda tələb olunmaya bilər, amma bizim dildə şəkilçi vacibdir. ”Qismi” sözünə bir “-dir” şəkilçisi artırmaq lazım idi. Daha sonra qripi önləmək” əvəzinə “qarşısını almaq”, ”hətta xroniki ağrıların  təsirini azaltmada da təsirli” əvəzinə “azaltmağa da təsir edir”. Kəlmələrin son şəkilçisi ixtisardadır yenə (Bu cür cümlələr tərcümələrin ən çox rast gəlinən səhvidir).
Türk dilinin başqa bir özəlliyi: bizim dildə indiki zamanda olan fellər onlarda qeyri-qəti gələcək zamanda olan felə oxşayır.Əslində isə orda da indiki zaman funksiyasını daşıyır. ”Qoruyar”, ”tarazlayar” əvəzinə “qoruyur”, “tarazlayır”.
Bəzən orijinalda olan söz jarqon təsiri bağışlayır və onun hərfi tərcüməsi istənilən nəticəni vermir.Belə  vaxtlarda lazım gəlsə, cümlədəki bütün sözləri dəyişib əvəzində fikrin ifadəsini saxlamaq lazımdır, əks təqdirdə sözlər anlaşılmaz olacaq.Məsələn:“İsti basması, ürək və damar narahatlıqları ilə sümük xəstəlikləri görülən təsirlərdir” cümləsində “görülən təsirlərdir”, ”Aktiv bir cinsi həyat ilə yaxşı bir bədənik” cümləsində “bədənik” ifadələri bizim dildə qarşılıqsızdır. Əlavə olaraq, “Bir universitetdəki 10 illik bir iş nəticəsində ortaya çıxanlar çaşdırıcı” əvəzinə “Nəticələr gözlənilməz oldu” və ya “heyrətə saldı” olmalı idi. Hər halda, “çaşdırıcı” sözünə ən azı şühudi keçmiş zamanın şəkilçisi qoyulmalı idi - “çaşdırıcıdır”.
Selcan_Xatunun “Ümid etmə hissi” xəbərində bəzi cümlələrdə türkyönümlü ifadələrə həddindən artıq yol verilib.”Tarazlıqda olmamız üçün” əvəzinə “tarazlıqda olmağımız üçün” və yaxud “tarazlığımızı saxlamaq üçün”, fərq etmədən” əvəzinə “fərqinə varmadan”, ”öyrənmələrimizi gücləndirərik” əvəzinə “savadımızı artırarıq”, yaxud “öyrəndiklərimizi möhkəmləndirərik”, “Ümid qərarlı edər insanı” əvəzinə “Ümid insanı qətiyyətli edir” və s. ”Çalışan analara məsləhətlər” xəbərində Buna bir də uşaqdan ayrı qalmanın gətirdiyi əksiklik duyğusu əlavə olununca” əvəzinə “ Bundan əlavə (yaxud, “üstəlik”), uşaqdan ayrı qalmağın nəticəsində yaranan çatışmazlıq”, “olmanın” əvəzinə “olmağın”, “davamlı” əvəzinə “mütəmadi”, ”Çoxu ananın” əvəzinə “Çox ananın” və s...

Tərcümələrin əksəriyyətində “Ayrıca” kəlməsinə tez-tez rast gəlmək olar.Pərvanənin “Yemək çantasına barmaqarası baxmayın” xəbərində “Ayrıca, yemək çantalarında içəcək olaraq su, qutu meyvə suları, qutu ayran və ya qutu südlərin iştirak etməsi daha sağlam seçkilərdir", Məryəmin “Əlaqələrdəki kiçik oyunlar” xəbərində “Sevgilinizə aldığnız hədiyyələri ona vermənin fəqli yollarını sınaqlayın” və s. Bu söz ümumiyyətlə, ixtisar olunsa yaxşıdır, ya da bizim dildə oxşar əvəzedici ilə dəyişilməli idi (Məsələn: "bundan əlavə"). ”Sağlam seçkilərdir” əvəzinə “sağlam seçimdir”, ”Sınaqlayın” əvəzində “sınaqdan keçirin” olmalı idi. Məryəmin eyni xəbərində “Şamlar, çiçəklər və köpüklər sizi ehtiraslı bir gecənin içərisinə sürüyə bilər” cümləsində “sürüyə bilər” ifadəsi düzgün deyil…
Əlbəttə, burda tərcümə ilə məşğul olanlar həvəskardır,heç kimdən peşəkarlıq tələb olunmur zatən. Ən azından bu mümkün deyil, çünki tərcüməçilik bir sənətdir. İstedadlı bir sənət! S.Yeseninin “Ağcaqayın” şeirini üç şairimiz tərcümə edib.Şeir bir,tərcümə üç.Amma onlardan yanlız Ə.Kürçaylının tərcüməsi bəyənilib,niyə? Çünki Kürçaylı şeiri hiss edib,ideyanı duya bilib.Tərcümədə axıcılığı saxlamaq əsas şərtdir. S.Vurğun “Yevgeni Onegin”i iki ilə tərcümə edib.Əlbəttə ki,”Yevgeni Onegin” bir-iki linkdən ibarət məlumat yox, irihəcmli mənzum romandır,siz xanımlar isə S.Vurğun deyilsiz, amma tərcüməyə başdansovdu yanaşmaq olmaz.Məlumatı S.Vurğun kimi - yenidən yaratmaq lazımdır.
Orijinal əsər qızılgüldür, tərcümə o gülün şəkli… Gülün şəklini çəkmək mümkündür, onun ətrini vermək yox.Amma ən azından o şəkli inandırıcı və təbii çəkmək olar...
p.s bu məqalə 5 il əvvəl Qadın.net saytı üçün yazılmışdır :)

Hiç yorum yok:

Yorum Gönder