16 Mart 2017 Perşembe

Içimizdəki “Fatmanisə”


Biz uşaq olanda hansısa dəcəlliyi edəndə rəhmətlik babam belə bir söz deyərdi:”böyüdükcə səfehləyirsiniz!”
Əslində məzəmmətlə deyilən bu cümlənin altında yatan mənanı, deyilməyən kəlmələri bir az böyüyəndən sonra başa düşdüm. Babam demək istəyirmiş ki, siz böyüyürsüz, bundan dolayı sizdən gözlənilən rəftar daha ağıllı olmağınız, inkişaf etməyiniz və buna uyğun hərəkətlər sərgiləməyinizdir. Yaşımızdan dolayı bizdən gözlənilən bu imiş. Əvəzində isə biz daha ərköyün hərəkətlər etdikcə yazıq babamın təssüf hissiylə dediyi o sözləri mən son günlər tez-tez təkrarlayıram. Getdikcə səfehləyirsiz...
Kitab dükanlarında son vaxtlar satışı artan romanların müəllifi Oşo, Paulo Çoelho, Robin Şarma və s kimi fəlsəfə meyilliləridir. O kitabları oxuyanlar kimlərdir? Bəs hara gedir bu oxunanlar? Bu qədər təsir göstərirsə nəticə hanı? Burdan iki nəticəyə varmaq olur: ya hamı oxuyur o kitabları, hamı yalandan tərifləyir, ay dəyişdim, ay təsirləndim, ay ağıllandım amma yalandan. Ya da o kitabları oxuyanlar oxumayanlardan qat-qat azdır. Oxuyanlar hansısa məsələyə fikir bildirməyi özlərinə ərincəklik bilib, dağın başında oturublar, oxumayanlar isə manitorun arxasında Səmra Rəhimlinin geyimini müzakirə edir. Belə çıxır ki, oxumayanlar daha çoxdur, çünki boşbağazlar həddindən artıq çoxalıb.
Mənə maraqlıdır, insanlar bundan necə zövq alır? Niyə zövq alır? Başqasını müzakirə etmək, onu tənqid etmək, insanların öz həyatlarına dair atdığı addımları, etdiyi hərəkətləri kim hansı və necə ağılla...
Içtimai qınaq deyilən bir şey var, hər nə qədər onun bir işə yaramadığını fikirləşsəm də, insanların başqalarının həyatına burun soxmaq enerjilərinə uydurulmuş bir bəhanə hesab etsəm də, pozitiv yanaşsaq, fərz edək ki, nəticə verir. Onu nəyə sərf edirik? Ictimai nəqliyyatda uşağı ilə kobud rəftar edən ana görürsüz? Gəlninin həyatını cəhənnəmə çevirən qaynana necə? Körpələri küçəyə atan varlıqlar? Bir qocaya sahib çıxa bilməyən nankor övlad? Ömründə əlinə bir kitab almayan gənc? Görürsüz bunları? Heç rast gəlmisiz? Arvadını döyən kişini görmüsüz? Bəs qarışmısız? Böyük ehtimalla yox! Çünki onda şəxsi həyat olub, qarışmaq lazım deyil olub, özləri bilər olub. Bir qızın mini yupkasına isə nədənsə hər kəs fikir bildirməyi özünə borc bilir... Yolda uşaq diləndirən ana görən neçə nəfər gəlib evdə onu müzakirə edib? Bəs sevgilisinin qoluna girib gedən qonşu qızını pəncərədən izləyib evdə müzakirəsini açan neçə nəfərik?
Allah bəndələrini çox sevir. Hər kəsə, həm də lap hər kəsə xoşbəxt olmaq şansı verib. Yetər ki, insanlar bunu dərk eləsin. Insanlar, gün ərzində başqalarının müzakirəsinə həsr etdiyiniz dəqiqələri hesablayın, qeybətə sərf etdiyiniz telefon danışıqları saatlarını hesablayın, beyninizdə bu fikirlərə sərf etdiyiniz enerjini hesablayın. Bu vaxtı, enerjini özünüzə sərf etsəz dünya dağılar? Başqasının müzakirəsinə ayırdığı vaxt öz inkişafına (maddi, mənəvi, psixoloji, fəlsəfi fərqi yoxdur) sərf etsəydi dünyada nadan insan qalmazdı. Dünyanı düzəltmək bu qədər asandır əslində, hər kəs özündən başlaya bilər.
Müstəqil, demokratik ölkəyik. Dünyəvi, humanist, tolirant... və s. Rəsmi qeydlərdə belə gedir. Biz isə inkişaf etmək əvəzinə geri gedirik.  Özündən bir neçə yaş kiçik oğlana ərə getdiyi üçün “Şagirdiylə evləndi!” deyib söyüb sulayacaq qədər cahilləşmiş cəmiyyətik.  Selfi çəkərkən yıxılan tələbəyə “ sevdiyi yox cavabı verdi deyə intihar etdi!” bəzəyini quran kütbeyin sayt jurnalistlərin yazdıqlarıyla qidalanmağa məhkum cəmiyyətik. Müharibə oldu qırırıq bir-birimizi, bayram oldu qırırıq, yarış keçdi qırırıq, ev söküldü qırırıq, yol çəkildi qırırıq, evləndi qırırıq, boşandı qırırıq...evlənənə paxıllıq edib boşanana lağ edən cəmiyyətik.  Nədənsə hər şeyə münasibət bildirməyi özümüzə borc bilirik. Əsl müzakirə ediləsi mövzuları isə görməzdən gəlirik. Və bu sadəcə cəmiyyətlə məhdudlaşmır.
Əkrəm Əylisli deyə bir yazıçı var idi. (“İdi” çünki yazıqda bir yazıçılıq qoymadılar) adam ermənipərəst bir roman yazdı deyə xalq düşməni elan etdilər, həm də bu sadəcə kütlə tərəfindən yox, dövlət səviyyəsində müzakirə olundu. Yazıçılar birliyindən kənarlaşdırdılar. Bu sadəcə utanmalı bir şeydir...
Təbii ki, ermənipərəst heç bir şeyi dəstəkləmirəm, amma insanların seçim azadlığı var, səhv etmək hüqüqu var sözdə demokratik dövlətik amma bu dövlətin yazıçısı azad seçim edib istədiyi mövzuda, istədiyi formada roman yazdı deyə daş-qalaq edən dövlətin vətəndaşlarıyıq. Həqiqətən böyüdükcə səfehləyirik...
Cəmiyyət faktoruna görə neçə arzu ürəkdə qalıb?  Neçə həyat alt-üst olub? Parazit kimi başqalarının həyatını sümürənlər neçə ev yıxıb? Neçə can yaxıb?
Kaş ki, sınamağa cəhd etsinlər, öz həyatına, öz inkişafına, öz ideallarına fokslanıb necə xoşbəxt bir həyat yaşamaq mümkün olduğunu kaş ki, sınasınlar. Nəticədə hamının istədiyi də xoşbəxt olmaq deyilmi? Azad ruhlu, azad fikirli, streatipsiz yaşam, sərhədsiz həyat.. Bir yoxlayın bəlkə alınacaq. Küçəyə çıxanda kiminsə villasının mərtəbələrini saymaq əvəzinə torpağın qoxusunu ciyərlərinizə çəkməyi sınayın. Insanların geyiminə nəzarət etməkdənsə, yağışın damlalarındakı musiqi ahəngini tutmağı sınayın. Lağ etməkdənsə içdən gülümsəməyi, sevinməyi, sevməyi, sevənlərə, sevgiyə anlayışla yanaşmağı sınayın. Başqalarını izləməyi, onları müzakirə etməyi müvəqqəti olaraq dayandırmağı sınayın, bəlkə alınacaq. Üzünüzü deyil, ruhunuzu bəzəyin, təmizləyin. Beyninizi təmizləyin. Ora qara rəngdə fikirləri buraxmayın. Necə deyəllər: “Kənardan "Cool" görünməklə deyil, içinizdəki "fatmanisəni" dəyişin...”

Hiç yorum yok:

Yorum Gönder