Əsərdəki Hadisələr o qədər də dinamik deyil. Yazıçı insanların hiss və düşüncələri ilə ideyanı çatdırmağa çalışıb. Romanın bir az darıxdırıcı olmağının səbəbi də budur. Buna görə mən də surətlər üzərindən gedərək yazıçının ortaya çıxartmağa çalışdığı ana fikrin nə qədərini aldığımı çatdırmağa çalışacam. Bu surətlər çox deyil, hadisələr kiçik əhatələrdə baş verir, lakin, 3-4 surətin hər biri bir nəsli, bir dəyəri, dünyanın bir nəsnəsini təmsil edir əslində.
Ömər =dir iradəsizlik. Müvazinəti zəif, məqsədi naməlum, hədəfləri qaranlıq, tərəddüdlü, nə istədiyini, necə insan olmaq, necə həyat sürmək istədiyinin bilməyən Ömər öz düşüncələri ilə həmişə münaqişədə olan bir surətdir. Çoxc qəribədir ki, Ömər daima öz içinə boylanır və orada gördüyü hər nədirsə ondan razı qalmır. Nəyinsə qaydasında olmadığını hiss edir amma buna əngəl olmaq onun əlində deyil. Əvvəllcə bu tərbiyələnməyi sevgilisi Macidədən gözləyir amma nəinki Macidə onu təmizləyə bilmir, Ömər hətta qızı da öz bataqlığına çəkdiyinin fərqinə varır.
Ömər hər zaman göründüyünüdən başqa insan olduğunu iddia edir, bəlkə sadəcə buna ümid edir. amma özü ilə, kerçək xisləti ilə üzləşdiyi o gün, həm ömərin, həm Macidənin həyatında sərt şillə effekti yaradır. Ömər bəyənmədiyi, qaçdığı, tənqid etdiyi, iyrəndiyi hər şeyin öz daxilində var olduğu həqiqətini anlayanda, günahı kimlərdəsə, nələrdəsə axtarmaqdan vaz keçir. Səbəb hər hansı bir şeytanda, qeyri-müəyyən qüvvələrdə deyildi, Ömər sadəcə iradəsiz, pisliyə təslim olmuş, ciddiyətsiz biri idi və bir xəstəliyi sağaltmaq üçün əvvəlcə onun var olduğu həqiqəti ilə barışmaq lazım olduğunu anlayan Ömər öz “xəstəliyini” etiraf edib, onunla mübarizəyə başlayır, nə qədər uğurlu olub olmadığı isə oxucu üçün qaranlıq qalır.
Macidə. Həqiqətən, bir əsərdə hər hansı qadın surətə bu qədər əsəbləşdiyimi xatırlamıram. “bu qadın niyə belə edir?!” deyə özümə verdiyim 100-cü sualdan sonra başa düşdüm ki, günah Macidədə yox, onu bu şəkildə yaradan müəllifdədir. Əslində, Sabahaddin Alinin də öz qəhrəmanını bu şəkildə xüsusiyyətlərlə yaratmağının səbəbi, yaşadığı mühit, zaman, şərait və toplum idi. (Hərçənd, Türkiyənin indiki vəziyyətinə baxarkən o gündən bu günə çox şey dəyişmədiyini də görmək olur.)
Yzıçı, bir qadının başqa mübarizə üsülu olmadığını çox normal qarşılayaraq Macidəni hər səfərində bir kişiyə sığındırır. Qıcıq yaradan tərəf budur ki, Macidə də bunu çox normal qarşılayır. Yəni, həyatındakı ən böyük dəyişiklik həmişə bir himayəçidən başqa bir himayəçiyə keçmək olur. Hələ nəzərə alsaq ki, müəllif bu qadın obrazını yeni fikirli, təhsilli, ağıllı, düşüncəli bir qadın kimi verməyə çalışıb. Lakin Macidə o qədər passiv aqresiyaya sahibdir ki, bəzi səhnələrdə kitaba girib onun çiyinlərindən sirkələyib “bir reaksiya ver!” demək gəlirdi içimdən.
Macidə atasının ölümünü, hər gecə Ömərlə vaxt keçirtiyi üçün evə gec gəlməsini, bu səbəbdən yaxın qohumlarının ona tənə vurmağını, evi tərk edib Ömərin səfalət otağında nikahsız yaşamağını, yoxsulluğu, Ömərin təlatümlərini, şeytanın səsinə qulaq asmağını, Ömərin ətrafındakı əxlaqsız insanların özünə qarşı etdiyi hədd aşan rəftarını, Bədrinin həyatlarında var oluşu, hər şeyi, amma hər şeyi eyni sakitliklə qarşılayır. Düşünür, daşınır və eyni həyatı yaşamağa davam edir. Bütün bu olanların çox iyrənc olduğunu, tutduğu mövqe (əslində mövqesizlik) üzünə vurulanda isə ayılıb-bayılır...sanki hər şey normaldır, amma şillə kimi üzə çırpılanda anormallıq qazanır.
Sadəcə bir dəfə qərar verib məktüb yazır, onu da ünvanına çatdıra bilmir. Macidə üçün ən böyük problem (yazıçıya inansaq) himayəsiz qalmaqdır. Himayəçisi varkən heç bir problem yoxdur. Məsələn, həyatına dair qərarsız qaldığı bir zamanda qətiyyən “öz ayaqlarımın üzərində duraram, yoluma davam edərəm” seçimi heç bir halda ağlına gəlmir. Sual yarana bilər ki, o zamanlarda bu mümkünsüz idi. amma məni narahat edən odur ki, Macidə bunu heç imkansız ehtimal kimi də düşünmür. Nəzərə alsaq ki, indi də özlərini ikinci bir insansız təsəvvür etməyən qadınlar var, o zaman problemi zamanda yox, xarakterdə axtarmaq lazımdır...
Ömər içindəki şeytanla mübarizə aparıb nəhayət ona təslim olduqdan sonra daha açıq şəkildə düşməni ilə üzləşərkən, Macidə dövrünün “ağıllı qadın” kateqoriyasını təmsil edərkən əsərin yeganə ümidverən surəti Bədri olur.
Bədri Macidənin müəllimi olub hər nə təsadüfdürsə illər sonra qarşılaşdıqlarında Ömərin dostu çıxır. Və heç düşünmədən bu ailənin maddi qayğılarını üzərinə alır. Bədri romantikdir amma həyatda nəyin olub-olmayacağını da dəqiq bilir. Tüfeyli məclislər, maskalanmış dostlar, yalançı “ziyalılar” saxta hədəflər, mənasız mübarizələr ondan uzaqdır. Əxlaqlı, gözüaçıq, ətrafında olub bitənləri düzgün analiz edə bilən, özünü iyrənc hesab etdiyi hər şeydən uzaq tutmağı bacaran Bədri fədakarlıq etməyi ən böyük amalı hesab edir.
Digər surətlər; Nihat, İsmət şərif və başqaları isə zamanın saxta mübarizəçisi, əxlaqsızlığını məharətlə maskalamış ziyalısı, daxilində mübarizə ruhu olan , lakin nəyin uğrunda, necə mübarizə apardığını bilməyən, yalnışdan yalnışa qaçan gənclərin ümumiləşmiş obrazlarını təmsil edir.
Bütün bunlara baxmayaraq, əsərin sonunu ümid qığılcımları ilə bitirən müəllifin özünün də bu məsələlərə qeyri-real, xoşgörü ilə yaxınlaşdığının şahidi oluruq. Insanın daxili təlatümünü ustalıqla verməsi baxımından roman çox qiymətli hesab oluna bilər.
Hiç yorum yok:
Yorum Gönder