25 Ekim 2020 Pazar

Orhan Pamuk “Kara kitap”


 Orhan Pamuk yaradıcılığının şah əsəri olan bu kitabı çoxdan oxuyub bitirməyimə, təhlilin də yazmağıma baxmayaraq, məlum hadisələrdən, paylaşmaq həvəsim olmamışdı. Bu günə qismət imiş...

Uzun sürən səssizliyimin adı “Qara kitab”dır. Əsəri iki ay ərzində oxuyub bitirə bildim. Bu əsər ən yorğun vaxtlarımda belə, heç olmasa bir səhifəsini oxuyum fikri ilə açıb, uzun uzadı cümlələrində boğulduğum, birnəfəsə ən çox 50-60 səhifə oxuya bildiyim – o da nadir hallarda, kitab kimi xatirimdə qaldı.

Kitab demək olar ki, işkəncə ilə oxuyacağınız, eyni zamanda, şərab kimi içərkən üzünüzü büzüşdürüb, təsirini az sonra duyacağınız ədəbi bir təam təsiri bağışlayır. Nə vacibdir? Getmirsə at kənara! – dediyimi də xatırlayıram amma adətən belə kitablardan lənətlənmiş kimi, ayrılmaq da olmur. Hər nə qədər ədəbiyyat statistikasında ən çox alınıb ən az oxunanlar sırasında olsa da, mən həm alıb həm oxumağı özümə söz vermişdim.

Romanla tanışlıq vaxtı diqqətimi ən çox çəkən, onun cümlə qurluşları oldu. Başqa hansısa əsərlərdə belə cümlələrə rast gəldiyimi qətiyyən xatırlamıram. Həm əsəbləşirdim, həm gülməyim tuturdu: belə də cümlə olar?? Cümlələrin sonuna çatana qədər əvvəlində nədən bəhs etdiyini unudur, əvvələ qayıdıb, təkrar-təkrar oxumağdan başqa çarəm olmurdu. Bir yazıçı niyə bu şəkildə cümlələr qursun ki? Eyni zamanda, heyran olmamaq da əldə deyildi. Çünki heç bir zaman bu şəkildə cümlələri olan roman oxumamışdım, bundan sonra da rast gələcəyimi düşünmürəm..

Əgər siz ədəbiyyata ürəkdən bağlısınızsa, niyətiniz sadəcə kitab oxumaq deyil, eyni zamanda, dünyanın ən qeyri-adi əsərlərindən biri olan, ən özəl sujetlərdən birinə sahib kitab oxumaq istəyirsinizsə- o zaman “Kara Kitap” çox uğurlu seçim ola bilər.



Mövzu? Ensiklopedik,

Sujet? Sanki hərəkətsiz, əslində isə insanoğlunun ilk yarandığı gündən bu yana var olma çabaları,  

Ideya? Bir təhlilə sığmayacaq qədər dərin, fəlsəfi, qarmaşıq, qara, qapqara...

Bəs bu kitabı belə orijinal edən nədir? Təbii ki, ilk növbədə üslubu. Siz istənilən mövzuda kitab yaza bilərsiniz, əgər ideya, vermək istədiyiniz ana fikir dolu, fəlsəfi, məna yüklüdürsə o zaman seçdiyiniz sujetdə fərqi yoxdur, qadın yoxa çıxır, ya kişi...

Əsərin qəhrəmanı Qalib özünü tanımır. Məxsus olduğu kimliyi ona yaddır. Özü ilə qarşılıaşdıqca, tanıdıqca da ona yetərsiz gəlir o kimlik. Kəşf etdiyi siması isə ona yeni qapı açır. Onu tərk edən arvadının izini tapa bilmək üçün özünü onun ola biləcəyi hər yerdə təsəvvür edir. bu “Yer” dediyim bir evin otağı, bir insanın yatağı, ürəyi, beyni, ruhu da ola bilər.

Kitabda Cəlal obrazı Mövlananin, Qalib isə ondan 500 il sonra yolunda şəhid olmuş Şeyx Qalibin çağırışmasıdır. Eyni zamanda, Qalib kişi- yəni eşq, Rüya isə qadın- yəni hüzn, kədəri təmsil edir.  

Bir insanın özünü genindən, (“millət” sözü daha bəsit qalardı məncə) soyundan, kültüründən ayrı təsəvvür etmək, təhlil etmək mümkün deyil. Onun daxilinə fərd olaraq deyil, bütünləşmiş şəkildə boylanmaq lazımdır. Bəs insanı dediyimiz o formada necə görə, necə fərqinə vara, necə kəşf edə bilərik? Onun yaşadığı yuvadan tutmuş, hər gün keçdiyi küçələr, keçirtdiyi ömür, yediyi yemək, çəkdiyi siqaret, oxuduğu qəzetlər, yazdığı yazılar – ümumilikdə həyatını və varoluşunu təşkil edir.

Insanı görmək istəyirsinizsə onun məninə boylanmalısınız. O küçələr, o qoxular siyası, tarixi, psixoloji, duyğusal hər şey insan daxilinə, insan nəsnəsinə gedən cığırlardır. Onları görmədən, tanımadan, duymadan insanoğlunu tanıya bilməzsən, insanoğlu da özünü tanıya bilməz, özü ola bilməz...

Bu əsərdə sujet yox, müəllifin demək istədikləri, çatdırmaq istədiyi fikirlər ön plandadır. Sanki bir hadisə uydurub, düşüncələrini o hadisə fonunda oxucusuna ötürmək istəyib. Mən bu baxımdan oxşar olan digər bir kitabı da xatırlayıram: “Havvanın üç qızı”

Bu kitab məhz o kitabdır; Pamuka dünya şöhrəti qazandıran, Nobelə gedən yolda əhəmiyyətli təkan olan.

Pamukun roman üzərində işlədiyi beş il ərəfəsində qərb ədəbiyyatında postmoderinzm janrı üstünlük təşkil ediridi. Yazıçı, islami – şərq genetikindən ayrılmadan moderin üslubda elə bir əsər yazır ki, moderinliklə şərqliliyin yaratdığı tilsim həm qərb oxucularını, həm də şərqli kitabsevərləri özünə bağlaya bilir.

Hürrufilik mövzusu mənə tanış olduğu üçün kitabda ondan bəhs olunan yerləri yadırğamadım. Gördüyümüz hər şey, bu bir yazıdan tutmuş insan simasına qədər, bir şəhərin qədim küçəsi də ola bilər – qavramadığımız bir dərin tərəfi hökmən var. Onu görmək istəyiriksə ona hər zaman baxdığımızdan daha diqqətlə baxmalı, daha dərin qatlara enməli, hər xətti, çizgini oxumağa cəhd etməliyik. Biz o dərinliyin var olduğunu anlasaq, inansaq o əsrar gec-tez özünü bizə göstərəcək.

Hiç yorum yok:

Yorum Gönder