Oxuduğum əsərləri təkrar oxumağı sevmirəm. Bəzən sevmədiyim, mənasını tam dərk etmədiyim əsərlər olur ki, onlara ikinci şansı verirəm. Oxuyandan sonra da bunun düzgün qərar olduğunu başa düşürəm. Məsələn bir müddət əvvəl ilk dəfə oxuyarkən heç bəyənmədiyim "Və dağlardan səda gəldi" romanını (Xalid Hüseyni) təkrar oxuyarkən ona qarşı haqsızlıq etdiyimi anlamışdım. Yəni ki, bir əsəri bəyəndiyim üçün yox, anlamadığımı düşündüyüm, haqqını tam vermədiyimi zənn etdiyim üçün təkrar oxuyaram. (3 kitab istisnadir. Onları sırf sevdiyim üçün təkrar vərəqləmişəm;
1. Voyniç "Ovod"
2. Remark "Zəfər tağı"
3. C. Oldirc "Diplomat")
Amma bir kitab var ona hər nə qədər təkrar oxumalı olduğum ehtiyacını hiss etsəm də buna cəsarət edə bilmirəm. Bu, Drayzerin "Dahi" romanıdır. Əsəri ilk dəfə 16 yaşımda oxudum. Sonra təkrar cəhd etsəm də alınmadı. Əsərə qarşı güclü nifrət hiss o kitabı digər kitablarımdan ayrı tutmağıma səbəb olurdu. Məhz bu səbəbdən yeniyetmələrin kitab seçimində valideyinlərin diqqətli olmasının tərəfdarıyam. ( Arzu edən valideyinlər üçün övladlarının yaşına uyğun mütaliə cədvəli tərtib ede bilərəm)
Drayzerin Amerika ədəbiyyatında yeri sadəcə yazdığı samballı əsərlərlə deyil, eyni zamanda XIX Əsrin sonlarında Amerika nəsrində hökm sürən durğunluğu sirkələməsi olub. Özünəqədərki bəzəkli maskalı bədii nəslin üstündən xətt çəkən ədib, yazdığı bir-birindən gözəl əsərlərlə burjuanın iç üzünü bütün dünyaya göstərdi. Ədibin "Kerri bacı", "Cenni Herhat", "Amerika faciəsi" əsərləri Azərbaycan oxucularına yaxşı tanışdır. "Dahi"də isə Drayzer bir az da irəli gedib cəmiyyətin sıradan insanlarını yox istedadlı rəssamını, onu məhvə aparan amilləri ön plana çəkib. Əsərin baş qəhrəmanı Yucin Vitladır. İstedadlı rəssam eyni zamanda var-dövlət, şöhrət dalıyca qaçan,yüksək təbəqə ilə ayaqlaşmağa çalışan, özünəməxsus "əxlaq dəyərləri" olan biridir. İçindəki yüksək yaradıcılıq enerjisini büruzə verə bilməyən Yucin əlacı gözəl qadınlarla münasibət qurmaqda görür. Amma bu gözəl qadınlarla eşq macəraları da rəssamın batmaqda olan gəmisini xilas etmir. Bütün hadisələr öz məcrasından çıxdığı vaxt-40 yaşında, ürəyi istədiyi kimi çəkə bilməyən, 18 yaşlı qızla sevgi münasibəti qurub hamilə arvadını atmaq istıyən, burulğan içində itib-batmış Yucinin köməyinə xristian dini çatır.
Əsərdə bir-birindən zidd xarakterli olsa da, oxşar taleyi yaşayan qadın surətləri var. Onların hər biri bu və digər şəkildə bir yucin qurbanıdır. Bir sözlə,
Dünya ədəbiyyatından səviyyəli bir şeylər oxumaq istəyirsinizsə hökmən Drayzerin Dahisi ilə tanış olun. Əsəri sevməsəm də, necə deyərlər: igidi öldür, haqqın yemə😊
Hiç yorum yok:
Yorum Gönder