Yayda bir gün ərzində 4 roman oxudum. Əslində mən həmişə sürətli oxumuşam amma bu dəfəki həcm məni bir az düşündürdü. Əlbəttə günahı yay günlərinin uzunluğunun üzərinə atmaq olar amma ən azından beynin götürmə yükü var ki, bu nəzərdən qaçmamalı idi lakin qaçmışdı. Nə qədər sürətli oxuyan olsan da (Lap “kitab siçovulu”ol) gün ərzində 4 roman əndazəni aşmaq hesab olunur mənim fikrimcə.
Kitabları oxuyandan sonra fikirləşməyə başladım. Əgər mən 1 günə 4 kitab “Zəbun” edirəmsə bu nə deməkdir? Mənim uğurummu idi? Buna bacarıqdan daha çox manyaklıq adı vermək olardı və heç də fəxr ediləsi deyildi. Yazıçınınmı uğuru idi? Və oxuduğum kitabların müəllifinə, janrına baxdım; Müəllif-Çingiz Abdullayev, janr-detektiv.
Onların hamısının həcmini üst-üstə qoysaq Dostoyevskinin “Cinayət və cəza” romanı qədər, hətta daha çox olardı. Bəs niyə mən o romanı bir həftəyə oxumuşdum?...İndi burada hansı yazıçı daha uğurlu hesab olunur; Dostoyevski? Ç.Abdullayev? Əgər bir yazıçının 4 romanı bir günə oxunursa bu həmin yazıçının uğursuzluğudur məncə nəinki uğuru...
Son dövrlərdə ədəbiyyatımızda, yeni çıxan kitablarda üç cəhət diqqətimi cəkir.
1-ci kateqoriya “Serial ədəbiyyatı”dır ki, buna daha çox qəzetlərin mütəmadı alınması üçün qurulan tələ kimi də baxmaq olar. Mövzusunu bu və ya digər şəkildə tv də izlədiyimiz seriallardan tanış bildiyimiz bu “Əsərlər” daha çox təhkiyə xarakteri daşıyır. Sanki kimsə hansısa seriala baxıb və indi onu bizə danışır. Və danışanın subyektıv fikri əsərdə geniş hiss olunur, halbuki, bu qəti nəzərə çarpmamalıdır. Bu ədəbiyyat 2-3 il əvvələcən daha da inkişaf etmişdi hətta lap irəli gedənlər bu cəfəngi yığmadan roman düzəldəcək cəsarəti də qazanmışdılar (“Sonuncu ölən ümidlərdir” kimi)
Bəs nədən bəhs edir o “roman”lar? Bu cür əsərlərin forması kimi məzmunu da standart və oxşar olur. Yenə məhəbbət, xəyanət, aldatma, göz yaşı və s. bu kimi çeynənmiş mövzular. Hətta elə dialoqlar olur ki, hansisa serialın səhnəsini xatırladır oxucuya və başa düşmək çətin olmur ki, müəllif məhz həmin serialdan “ilhamlanıb”. Sanki onun gördüyünü başqası görməyib və onun borcudur ki, rast gəldiyi hadisəni nəsihətnamə fonunda oxucuya sırısın.
2-ci kateqoriya “Fəlsəfə ədəbiyyatı”dır. Ruhi müvazinətini itirmiş hər adam öz psixopat düşüncəsini qələmə alır və müəllifdən başqa heç bir oxucu o əsərdə nədən söhbət getdiyini anlamır. Psixoloji təlatümdə olan insanın özünü dahi hiss edib cızma-qara etməsi bir yana, digərlərinin də “Dühavi yazıdır!” deməsi bir başqa gülüş doğuran məsələdir. Əsərdə (Daha doğrusu qaranlıq otaqda, şam işığında yaranmış divarda oynayan kölgələr haqqında sayaqlamalarda) mövzu önəmli olmur, əsas fikirdir ki, onu da qeyd etdiyim kimi yalnız müəllif qavrayır. Bəzən heç qavramır da.Soruşsan bu əsər nə haqqındadır tərəddüd edər fikrini ifadə etməkdə.
Bəs bu əsərləri aktual edən nədir? Birincisi adətkarlıq halına alınmasıdır ki, hamının filosof olmaq istəyi kimi. İkinci də doğrudan da psixoloji cəhətdən cəmiyyətlə dayağları uyğun gəlməyən kütlənin get-gedə daha da çoxalmasıdır. ”Fəlsəfə ədəbiyyatı” na daha çox esse və hekayə kimi rast gəlmək olur. Bu janrda yazılan əsərlərin ən nəzərəçarpan çatışmazlığı müəllifin özünə həddindən artıq qapanması və ədəbiyyatın hər şeydən əvvəl bir söz sənəti olması, estetik duyğulara xidmət etməli olmasını unutmalarıdır. Əlbəttə ki, ədəbiyyatın digər elm sahələri ilə qarşılıqlı əlaqəsi var amma hər halda ədəbiyyat başdan-başa fəlsəfədən ibarət deyil və ümumiyyətlə axı hamı Frans Kafka ola bilməz...
Bu gün “Postmodernzim” adı altında belə əsərlərə çox rast gəlinir. Amma bunların içində Qaraqanın bəzi əsərləri təqdirəlayiqdir.
Və nəhayət 3-cü kateqoriya-son dövrlərdə “Cinayət ədəbiyyatı” mərhələsinə çatan detektiv janr. Bu yaxınlarda ən çox satılan kitabların top 10-ğu təqdim edildi. Onluğa baxarkən diqqət çəkən əsas məqam onların çoxunun eyni-detektiv-janrda yazılmış Çingiz Abdullayev, Elxan Elatlı və digərlərinin əsərlərini olduğunu görmək olar. Bu əsərlərin geniş yayılması pis cəhət deyil, ən azından kitab oxumaq həvəsini və adətini yenidən qaytarır. Kitab yazmağı biznes halına gətirib xarici ölkələrdə olduğu kimi bundan pul qazanmaq adətini yaradırlar ki, əqli mülkiyyət kimi bu da çox müsbət haldır. Romanlarda vətənpərvərlik motivləri, Qarabağ mövzusu, Ermənistan-Azərbaycan münasibətlərinə sərgilədikləri düzgün yanaşma xüsusı vurğulanmalı hadisədir. Bütün bu müsbət hallarla yanaşı detektiv əsərlərin ədəbiyyat adlandırılması nə dərəcədə düzgündür? Hər iki yazıçının sayı, həcmi, yazma sürətinin yaratdığı səviyyə mənim bir günə 4 roman oxumağıma səbəb olub. Çingiz Abdullayevin saysız-hesabsız romanları Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində yatan cinayət işlərinə borcludur. Onu yazı-pozudan alababat başı çıxan hər adam yaza bilər. Əlbəttə ki, bunu detektiv janrda yazılan bütün əsərlərə aid etmək olmaz. Sovet dövründən oxucuların yaddaşında qalmış Cəmşid Əmirov da detektiv janrda əsərlər yazırdı (“Qara volqa” filmini xatırlayan çoxdur yəqin ki,onun ssenarı müəllifi də C.Əmirov idi). Amma o əsərlər bu günün detektiv əsərlərindən çox fərqlənirdi və yazıçılarda da belə bir fikir formalaşmamışdı ki, detektiv janrda yazırsansa deməli ədəbiyyata lazım olan tələblərə cavab verməli deyilsən.... Bədiilikdən, obrazlılığdan əsər-əlamət belə olmayan bu romanlarda bir-birinin ardınca törənən qətl hadisələrinin xronologiyasını izləməkdən başqa çarəmiz qalmır. Hansı mövzuda, hansı janrda yazılmasından aslı olmayaraq romanın ideyası, yazıçının çatdırmaq istədiyi fikir, qarşısına qoyduğu məqsəd olmalıdır. Son dövrlərdə geniş yayılmış “Cinayət ədəbiyyatı”nda isə bu ideyaya rast gəlinmir. Sadəcə baş vermiş hadisə danışılır. Və təsvirə, yazıçı fikrinə geniş yer ayrılır. Bu da belə bir fikrin formalaşmasına səbəb olur ki, detektiv janrın ədəbiyyatla əlaqəsi yoxdur. Elxan Elatlının romanlarında isə vəziyyət bir az başqadır. Çingiz Abdullayevin milliyəti şübhəli və tərəddüdlü Dronqosundan fərqli olaraq Elxan Elatlının Qanbay Qasımlısı, Ələmdarı(Leopard) milli obrazdır. Bizə yaxındır və azərbaycançılıq onlara daha uyğundur. Bu müsbət haldır. Amma E.Elatlının cinayət romanlarında yuxarıda sadalanan mənfi hallarla yanaşı qadına münasibət də heç də xoşəgələn deyil və əndazəni azmış hesab olunur. Hər bir qadın obrazın bədəninin əzaları təkrar-təkrar, eyni cümlələrlə (Özü də hansı cümlələrlə...) ifadəsi yazıçı təsvirindən daha çox şorgöz kişi təəssüratına oxşayır... Bu yaxınlarda yazıçının “Qan ləkəsi” adlı romanı ilə tanış oldum. Romanın həcmi ilk olaraq sevindirmişdi məni, hər halda bu boyda roman urvatlı olar deyə düşünmüşdüm. Amma yenə eyni təhkiyə, ifrat təsvir, subyektiv baxış, ideyasızlıq, sözçülük və filmə hazırlaşan ssenarı kimi xırdaçılıq. (Bəlkə də bu romanlar elə yalnız bu məqsədlə qələmə alınır) Romanlarda bənzərlik o qədər çoxdur ki, Çingiz Abdullayevin ən azından bütün əsərlərində bu cümləyə rast gəlmək olar” - Dronqo bilmirdi ki,bir azdan bu adamlardan biri öləcək”
(Müəllifin “Yalnız özümüzkülərdir” romanı isə janrına, üslubuna, surətlərinə və nahəyət bədiilik səviyyəsinə görə digər əsərlərindən tamamilə fərqlənir)
Əlbəttə ədəbiyyatdan geniş anlayışı olmayan, texniki tərəflərini bilməyən oxucu üçün başa düşülməsi o qədər də çətin olmayan bu əsərlər əsl tapıntıdır. Amma ömründə kitab oxumayan bir insan hətta 100 detektiv roman oxusa belə onda ədəbiyyat estetikasının formalaşması mümkün deyil. Axı cinayət ədəbiyyat deyil.
Hiç yorum yok:
Yorum Gönder