Hər hansı bir əsəri oxumaqda tərəddüd edirsinizsə, o zaman müəllif və əsər haqqında kiçik bir araşdırma aparmağa tənbəllik etməyin. Mary Baloghun adı Azərbaycan oxucularına o qədər də yaxşı tanış deyil. Dünyada isə son sevgi romanlarının kraliçası kimi tanınır. Təbii ki, son zamanlar Jojo Mojes, Sarah Jonun adı daha çox çəkilir, amma qadın yazıçıların arasında 74 yaşlı Mary Balogha da tələbat var. Romanlarında daha çox XIX əsr İngiltərə həyatından bəhs etməyi sevən yazıçı müxtəlif sujetlər təqdim etsə də, bu romanları ümumi bir cəhət birləşdirir: hamısında saf sevgini qalib gələcəyinə olan ümid bütün çətiliklərin öhdəsindən gəlməyə güc verir.
Jozefina 8 yaşındaykən valideynlərini itirmişdir. Onun sevinc dolu, qayğısız uşaqlığı burdaca bitir. Qohumları onunla o qədər də ürəkaçan rəftar etmir. İllər keçir, Jozefina gənc və gözəl bir qızdır, keşiş köməkçisi Daniel ilə evlənmək istəyir. Lakin həm sahib olduğu gözəllik, həm də vərəsəlik məsələsi qohumu knyazı çirkin niyətlərə sövq edir. Jozefina o dəhşətli gecədə knyazın xidmətçisini öldürdüyü vahiməsi ilə evdən qaçıb Londona yerləşir. Lakin burda getməyə bir yeri, yemeyə çörəyi yoxdur. Jozefina ac qalmamaq üçün bədənini satmağa məcbur olur. Ilk müştərisi vaxtilə hərbidə qulluq etmiş, bunun izlərini ruhunda, bədənində və simasında daşıyan varlı Duk Adam olur. Duk Jozefinanın bakirə olması gerçəyini öyrənəndən sonra peşmançılıq hissi keçirir və öz katibinə bir gecəlik fahişəsi üçün münasib iş tapmasını tapşırır. Jozefina isə ilk təcrübəsinin yaratdığı vahiməli kabuslarla baş-başa qaldığı üç gün sonra yenidən iş axtarışına çıxır. Və Dukun əyalətdəki malikanəsində beş yaşlı qızına mürəbbiyəlik etmək üzrə işə alınır. Jozefina qarışıq hisslər keçirir. Həm hörmətli bir işi olduğu üçün, yenidən həyata tutunduğu üçün sevinir, həm də qatil olduğunu düşünüərək hər an knyazın onu tapıb qanun qarşısına təslim edəcəyi qorxusu ilə yaşayır. Jozefina əsərin əvvəlində zəif xarakteri ilə seçilir və əsər boyu inkişafda verilir. Taleyin sərt şilləsini dadmış təcrübəsiz və köməksiz qız qeyri-bərabər döyüşdə mübarizə aparmaqdan çəkinmir. Getdikcə ayaqlarını daha möhkəm yerə basır. Öz xarakterindən və əqidəsindən vaz keçmir. Ac qalmamaq üçün bədəninin satmasına baxmayaraq əxlaqlı və qürurludur. Oxucu ona simpatiya bəsləyir. Çünki Jozefina mübarizlik və möhkəmlik simvoludur. Lakin ən gözlənilməz sarsıntını mürəbbiyə işlədiyi evin sahibi, ilk və yeganə müştərisi Dukla qarşılaşanda yaşayır. Bu dəfə Jozefina zəiflik göstərmir. Sərt şəkildə Duka onun məşuqəsi olmayacağını deyir. Adam isə başa düşür ki, Jozefinanın etibarını qazanmaq, onun özünə qarşı olan vahiməli nifrətini azaltmaq üçün çox yol qət etməsi lazım gələcək. Adam isə təzadlı bir xarakterdir. Oxucu ilk əvvəl ona tərəddüdlə yanaşır, etibar etmir. Lakin həyat təcrübəsi bol olan, çətinlik və əzab görmüş, hər bir çətinliyin öhdəsindən gəlməyi bacarmış Adam Jozefina ilə qarşılaşdıqdan sonra vicdan əzabı çəkir. Onun qarşısında günahını qismən də olsa yumağa çalışır. Adam çox mərhəmətlidir. Beş il ərzində qardaşının etdiyi satqınlığı arvadından gizlədir və onun xoşbəxt olması üçün cəhdlər edir. Lakin oxucu bəzən Adamı Siblinin əvəzindən onun yaxşılığı üçün adı altında qərar verməkdə günahlandıra bilər.
Dukun ailəvi problemləri var. Beş il əvvəl sevdiyi qız Siblini qardaşı Tomas yoldan çıxarıb və hamilə qoyaraq qaçıb. Duk vicdanlı şəxs kimi Siblinin rüsvay olmasının qarşısını alır və onunla evlənir. Fəqət Sibli Tomasın getməsində həmişə Adamı günahlandırır. Çox əzablar çəkir və bədəni zəif düşür. Adam ailə problemlərini həll etməyə cəhd edir. Arvadıyla münasibətlərini qaydasına salmağa, qızı ilə daha çox vaxt keçirməyə səy göstərir. Bütün bu gərginlik azmış kimi Tomas gözlənilmədən malikanəyə gəlir və özüylə bərabər Jozefinanın qohumunu da gətirir. Knyaz Jozefininı şantaj edir. Ya onunla qayıtsın ya da hər şeyi açıb danışacağını deyir. Josefina gərgin tərəddüd içində çırpınır. Asılacağı fikri onu nə qədər vahiməyə salırsa knyaza ərə getmək fikri də bir o qədər iyrəndirir. Onun bu təlatümlü halı Adamın diqqətindən yayınmır. Jozefinaya ona güvənə biləcəyini deyir. Bu vaxt ərzində onların arasında dilə tökülməyən səmimiyyət, inam hissi yaranıb. Buna baxmayaraq Josefina öz problemləri ilə ev sahibini narahat etmək istəmir. Adam Jozefinanın ona məsələni açmaq kimi bir niyyəti olmadığını başa düşür özü fəaliyyətə geçir. Katibini qəsəbəyə göndərib Jozefininın başına gələnləri öyrənir. Həyat təcrübəsi bol olan Duk bunun knyazının fırıldağı olduğunu dərhal başa düşür. Jozefinaya kömək edəcəyini söz verir. Lakin Jozefina ömrü boyu qaçmayacağını başa düşüb bütün bunlara bir son vermək məqsədiylə malikanədən ayrılır. Heç kimə xəbər vermədən, heç kimlə vidalaşmadan cinayət törətdiyini fikirləşdiyi evə qayıdıb özünü taleyin ixtiyarına vermək qərarına gəlir.
Adam vaxt itirmədən fəaliyyətə keçir. Knyaza fırıldaq işlətdiyini sübut edir. Knyaz malikanədən ayrılaraq bir daha heç kimin qarşısına çıxmır. Adam Jozefinaya şad xəbər vermək üçün yola çıxır. Bu vaxt içində Sibli Tomas və Adam arasındada gərgin münasibətlər davam edir. Tomas öz məsuliyyətsiz rəftarı ilə Siblyaya ümid verməkdən çəkinmir onun hissləri ilə oynayıb onsuz da zəif olan vücudunu, ruhunu bir az da yaralayır. Adam bütün bunları görsə də qarşısını ala bilmir. Çünki Siblya israrla Adamı özü ilə Tomasın xoşbəxtliyinə mane olmaqda günahlandırır və nifrət püskürür. Adam nəhayət Tomasa şərt qoyur ya buranı tərk edəcək ya da Sibliyə qarşı ədalətli qərar verəcək. Tomas hər zamanki kimi məsuliyyətsiz həyatı seçir və yenidən malikanəni tərk edir. Jozefinanı öz evində dostları və keçmiş nişanlısı qayğıkeşliklə qarşılayır. Adamın gəlişi ilə Jozefininın azadlıq xəbəri böyük sevinc yaşadır. Lakin Daniel ilə Jozefina arasında artıq böyük bir uçurum var. Təbii ki, evlənə bilməzlər. Həm Jozefina artıq Danieli sevdiyindən əmin deyil. Jozefina öldürdüyünü zənn etdiyi xidmətçinin qəbrini ziyarət etmək istəyir. Adam onu tək qoymur və onlar birlikdə yola çıxırlar.
Bu səfər əsnasında məlum olur ki, xidmətçi ölməyibmiş və artıq Jozefinanın özünü günahkar bilməsi, vicdan əzabı çəkməsi üçün heç bir səbəbi yoxdur. Adam çox peşmandır, bütün işlərin qaydasına düşdüyünü görərək Jozefinaya qalıcı zərər vuranın yanlız özü olduğunu dərk edir. Jozefina onu sakitləşdirir və onlar bir-birlərini sevdiklərini fəqət bu münasibətin mümkünsüzlüyünü etiraf edirlər. Adam və Jozefinanın yolları ayrılır. Jozefina sakit həyatına davam edərkən Adam malikanəsinə qayıdanda Tomasın getdiyini bu səbəbdən də Siblinin heç sakitləşməyən nifrətinin aşıb-daşdığlını görür. Adam bütün ömrünü ailəsinə həsr etməyi qərarlaşdırır və arvadının xəstəlioyindən dolayı İtaliyaya səfər etməyi planlaşdırır. Bu plan bir müddətlik təxirə düşür çünki meyxanaların birində çıxan davada öldürülən Tomasın ölüm xəbəri Adamdan əvvəl Sibliyə çatır. Əsəbləri zəif olan qadın inthar edir. Adam qızını da götürüb İtaliyaya gedir. Onu Jozefinadan ayıran bir il var. Bu bir il ərzində Jozefinanın sevgisi azalacaqmı və onları nə gözləyir sualı romanın sonlarında cavablandırılıb. Romanın sujet xətti həyəcanlı, dinamik və get-gedə artan macəralarla doludur. Fəqət roman bir ədəbi əsərdən daha çox hər hansı bir film üçün ideal ssenariini xatırladır.
Hiç yorum yok:
Yorum Gönder